Hər şey planlaşdırıldığı kimi oldu. Düzdü, sonda hansısa bəyanat yayılmadı, müracət qəbul edilmədi, lakin AFFA istədiyini əldə etdi. Bu quruma birgəliyin nümayişi, veteranların guya AFFA ətrafında cəmləşməsi haqda görüntü lazım idi. Fotolar şəkildi, tirajlandı, lazım olan yerlərə ötürüldü. O şəkillər futbolumuzun bərbad durumunu, narazıların səsini özündə əks etdirmədi.

Bu gün Bakı Biznes Mərkəzində Futbol Veteranları İttifaqının təşəbbüsü ilə veteran futbolçularla görüş keçirildi. Əksəriyyəti paytaxtda yaşayan futbol adamlarının mələşdiyi və media üçün qapalı olan tədbirdən tam xəbərdar deyilik. Nə danışıldığını, nəyin müzakirə edildiyini bilmirik. Yalnız yığcam informasiyaya sahibik, bir də ittifaqın rəhbəri Oqtay Abdullayevin müsahibəsindən bilgi ala bilirik.

Lakin tədbirdən çəkilmiş fotolardan da görünür ki, son aylar federasiyanı tənqid edən, qurumun fəaliyyətini bəyənməyən Nazim Süleymanov, Samir Ələkbərov, Orucəli Durmuşov, Asəf Namazov və başqaları da veteranların arasında olub. Elə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da bu lazım idi – narazılarla da görüşdüyünü, onlarla dil tapdığını göstərmək üçün.

Tədbir əsasən təriflərdən, mədhiyyələrdən, alqışlamaqdan ibarət olub. Bəzi veteranlar narazılığını dilə gətirib, onlara diqqət ayrılmadığını önə çəkib. Və hamısı da xoş vədlərlə sakitləşdirilib. Hətta ümumiyyətlə, bu yığıncağa getməməsi lazım olan, niyyətini yenə bilməyib biznes mərkəzində görünən Nazim Süleymanov da təşəkkür etməyə söz tapıb.

Oqtay Abdullayevin Elxan Məmmədovun çıxışı haqda dedikləri bu insanları futbolun inkişafının deyil, özlərinin durumunun yaxşılaşmasının düşündürdüyünü görəsən: “Elxan müəllim geniş çıxış etdi, veteranlarla bağlı hər şeyə toxundu, bizə dəstək oldu. Veteranların işlə təmin olunması, təqaüd məsələsində bizə dəstək olacaq. Regionlarda uşaq futboluyla bağlı müxtəlif liqalar keçirilir, ora veteranları cəlb edərək biliyindən istifadə olunması fikri səsləndirildi. Bundan əlavə, Elxan müəllim də, mən də ona toxunduq ki, klublarda icraçı direktor, idman direktoru vəzifələrinə futbol veteranlarından istifadə olunsa, daha yaxşı olar. Yəni, onların bilik, bacarığından yararlanmaq lazımdı… İndi danışıqlar gedir ki, veteranlara pul ayrılsın və bunun müqabilində onlara dəstək göstərək. Onsuz da köməklik edilir. Məsələn, futbol veteranı Səmədağa Şıxlarovun bu yaxında əməliyyatına AFFA 7 min manata kimi pul verib. Elxan müəllim buna aydınlıq gətirdi ki, veteranlara AFFA-nın illik hesabatında göstərilən 180 min manat məbləğ Oqtay Abdullayevə verilmir, bu, müavinətlərə, müalicə, əməliyyat xərclərinə köçürülür. Çox yaxşı görüş oldu, hamı razı qaldı, açıq danışdı. Qapalı heç bir şey olmadı. Elxan müəllimə təkliflərimizi yazılı formada verdik ki, orda hər şey göstərilmişdi”.

Abdullayev Həmkarlar İttifaqı yaratmaq istəyən Nazim Süleymanovun da toplantıda iştirak etməsi haqda məlumat verib: “Təkcə Nazim müəllim yox, onun qurumunda olan Novruz Əzimov, Samir Ələkbərov, Asəf  Namazov da gəlmişdi. Futbol veterandırlar axı, necə onları dəvət etməyim? Qurum yaradıblarsa, bu, onların öz işidi, buna müdaxilə edə bilmərəm. Nazim müəllimin çıxışı oldu, AFFA rəhbərliyinə minnətdarlıq etdi, bir az qurumu haqda danışdı. Biz də qeyd etdik ki, əsas məqsədimiz veteranları birləşdirmək, bir yerdə olmaqdı. Qurum qanun çərçivəsində yaradıla bilər. Bunu Elxan müəllim də vurğuladı ki, futbol veteranları Həmkarlar İttifaqı yarada bilərlər, ancaq  AFFA Həmkarlar İttifaqı yox. Bunu AFFA-dan maaş alan, müqaviləylə bağlı olan yarada bilər, başqasının buna ixtiyarı yoxdu. Nazim müəllimlə ayaqüstü söhbətim də oldu. Bu yaxında da görüşəcəyik, ümumu məsələlər haqda söhbətləşəcəyik”.

Əlavə şərhə ehtiyac yoxdu. Elxan bəyi bir daha təbrik edirik: beyinlərin işləmədiyi yerdə yüksək intellekt sahibidi.

FƏRİD

Shares: