Premyer Liqanın 19-cu turu heç-heçələrlə başladı. “Sumqayıt” – “Keşlə” matçı bərabər səviyyəli oyunla yadda qaldısa, “Qarabağ” bütün komponentlərdə üstün olduğu “Sabah”la matçda hakim səhvləri üzündən qələbə qazanmadı.

Sumqayıtdakı nəticə ədalətli oldu. Çempionatın ən baxımlı matçlarından birində səhvlər də, qol sayı da yarı bölünmüşdü. Meydan sahiblərinin 2 dəfə hesabı açması, qonaqların zamanında cavab verməsi yekun nəticənin də xal bölgüsüylə nəticələnməsinə gətirib çıxardı.

Rəqib qapıçıların hərəsinin bir qolda səhvi, son dəqiqələrdə əldən çıxan yüzfaizli qol şansları – bərabər səviyyəli rəqiblərin duelinə rəng qatan mənzərə belə idi. Özünü pis hiss etdiyi üçün start heyətində görünməyən Əmir Ağayev meydan sahiblərinin itkisi idisə, “Keşlə” oyunun əvvəlində Con Kamaranı zədə üzündən itirəndə güc bərabərliyi də təmin olundu.

Təbii ki, hamı qələbə qazanmaq istəyir, lakin uduzmaqdansa, xal bölgüsü yaxşıdı. Bu nəticə “Keşlə”nin izləyiciləri ilə 7 xallıq fərqi qorumasına kifayət etdi, “Sumqayıt”ı ilk “dördlük”də saxladı. Ona görə də şikayətlənmək üçün əsas yoxdu.

Amma “Qarabağ” yəqin ki, etiraz etməyə özündə güc tapacaq. Matçın hakimlər briqadası ağdamlıların büdrəməsi üçün hər şey etdi. Və bu, “Sabah”a olan rəğbətdən deyildi, sadəcə, liderin qələbəsini arzulamayanlar var. Kim? Cavabını Elçin Məsiyevi bu oyuna baş hakim, az qala hər tur səhv edən laysmanları yardımçı kimi göndərənlərdən soruşmaq lazımdı.

Ümumiyyətlə, 3 FIFA referisi ola-ola belə vacib matça Elçin kimi təcrübəsiz birinin təyin olunması özü müzakirə olunmalıdı. AFFA Hakimlər Komitəsinin sədri Frits Stulxlik eksperimentləri ilə komandaların taleyi ilə oynayır. 1 penalti təyin olunmur, 2 yanlış ofsayd bayrağı qalxır və son dəqiqələrdə təmiz qol hesaba alınmır. Bütün hallarda zərərçəkən eyni komandadısa, deməli, qərəz var. Öz oyunçuları ilə toqquşan Saşa Stamenkoviçdən gedən topu oyundankənar kimi qiymətləndirməyin cəzası ən azı 5 oyun olmalıdı. Amma sizi əmin edirəm ki, Məsiyev qarşıdakı turlarda da fit çalacaq.

Oyuna gəlincə, “Qarabağ” evdə ikinci 0:0-a üzüldü, lakin bu il qol buraxmamaq seriyasını davam etdirdi. “Sabah” isə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb, avrokubok ümidlərini qorudu. Düzdü, ağdamlılar oyun boyu diqtə edən tərəf idi, amma rəqibin beşli müdafiə xətti, gücləndirilmiş dayaq bölgəsi meydan sahiblərinə göz açmağa imkan vermədi. Ələ düşən bir neçə şans zamanı isə ya Stamenkoviç qapıda divləşdi, ya da hakimlər “sülh keşikçisi” oldu.

Tur sabah davam edəcək. Bəlkə qarşıdakı 2 oyunda başverənlər Məsiyevin hoqqalarını unutdurdu. Ümid edirik, heç olmasa, AFFA Hakimlər Komitəsi unutmaz. Oyunun hakim-inspektoru Fariz Yusifovun raportunu həvəslə oxuyardım…

CAVAD

Shares: