Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Ersun Yanalla yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, 57 yaşlı mütəxəssis klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Tərəflər arasında baş tutan görüşdən sonra müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

O da qeyd olunub ki, istefaya baxmayaraq, “Fənərbaxça”nı Türkiyə kubokunun yarımfinal mərhələsinin “Trabzonspor”la ilk oyununa məhz Ersun Yanal çıxaracaq. Sözügedən qarşılaşma martın 3-də Trabzonda baş tutacaq.

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən “Fənərbaxça”da işləyirdi. O, 2013/14 mövsümündə də bu komandaya rəhbərlik edib.

Shares: