Sanki “Neftçi” çempion olmaq istəmir. “Qarabağ” xal itirir, izləyicisinə yaxınlaşmaq imkanı verir, bakılılar isə əla fürsəti dəyərləndirmir. Və bunu ev oyununda, autsayderlə görüşdə edir.

Premyer Liqanın 19-cu turunda meydan sahibləri qələbəyə həsrət qaldı. Şənbə günü heç-heçələr sıralandısa, ertəsi qonaqlar daha cəsarətli çıxdı. Xüsusilə “Qəbələ”nin 2020-ci ildəki ilk qələbəsi qeyd olunmalıdı. Əyalət təmsilçisi turun ən bərbad komandası “Zirə”ni səfərdə yenib, rahat nəfəs aldı.

Hər şey “qartallar” üçün yaxşı başlamışdı. İlkin Muradovun inadkarlığı hesabına vurulan qoldan sonra meydan sahibləri oyuna nəzarət edir, uğursuz seriyaya son qoymağa doğru gedirdi. Lakin son 10 dəqiqə Zaur Həşimovun yetirmələri üçün kabusa döndü. Öncə Fernan Lopes, ardınca Rövlan Muradov qapıçı Orxan Sadıqlının hədiyyəsindən imtina etmədi. Qapıçının inamsız oyunundan sonra 2 dəqiq zərbə “Qəbələ”ni uzun fasilədən sonra xala qovuşdurdu, “Zirə”nin ardıcıl 4-cü məğlubiyyətini rəsmiləşdirdi.

İnsaf naminə, faslədən sonra qəbələlilər daha üstün görünürdü, məşqçi əvəzləmələrinin ardınca matçın son 15 dəqiqəsində təzyiqi daha da artırdılar. Bunun mükafatı isə qollarla gəldi.

“Zirə” qələbə qazansaydı, 4-cü pilləyə şərik olacaqdı. Məğlubiyyətlə vəziyyət dəyişdi. Düzdü, heç nə bitməyib, 4-7-ci yerlərdə qərarlaşan komandalar hər an yerini dəyişə bilər, onları cəmi 3 xal ayırır. Lakin problem ondadı ki, “Zirə”nin oynadığı futbol ümid vermir. “Qəbələ”yə gəlincə, ötən həftə heyətdəki yerdəyişmələr futbolçuları ayıldıb. Bunun nəticəsidi ki, Elmar Baxşıyevin yetirmələri turda qələbə görən yeganə komanda oldu.

Turun son matçı daha maraqlı alındı. Paytaxt klublarının görüşündə də hesabı açan qələbəyə həsrət qaldı. Halbuki “Neftçi”nin hesabı artırmaq üçün xeyli imkanı vardı. Amma baş məşqçi Füzuli Məmmədov vəziyyət düzgün dəyərləndirmədi, hesabı qorumağın qayğısına qaldı, bu isə şok sonluqla nəticələndi.

Əslində, meydan sahibləri qolu çox üstün oyunun sonucunda vurmamışdı. Düzdü, ərazi üstünlüyü var idi, lakin “Səbail”in müdafiə xəttini yarmaq asan deyildi. İlk hissə boyunca bu, mümkün olmamışdı. Mamadu Kanenin uzaqdan zərbəsi zamanı isə Eriko da Silvanın uğursuz toxunuşu avtoqol müəllifi olmasına yetdi.

İlk yarıda Aftandil Hacıyev rəqiblə müqayisədə xeyli zəif heyətə daha mükəmməl futbol oynadırdı, balanslaşdırılmış oyunla rəqibə boş zona vermirdi. Fasilədən sonrakı fərdi səhvlə az qala bütün əmək boşa gedəcəkdi. “Səbail”in məşqçisi risk etdi, hücumda təzyiqi artırdı və komandasının layiq olduğu xalı qazandı. Bəli, qonaqların qolu da fərdi səhvdən sonra reallaşdı. Aqil Məmmədov çıxışda uğursuz oynadı, toxunuşu qol ötürməsinə çevrildi və Rauf Əliyev qışda ayrıldığı “Neftçi”ni vacib qələbədən etdi. Nətcəni ədalətli saymaq olar.

“Neftçi” hesab 1:0 olarkən penaltiylə mükafatlana bilərdi. Top Henrik Ekşteynin əlinə dəymişdi. Lakin təkrara baxanda gördük ki, həmn epizodda ona toxunuş vardı və istəmədən belə vəziyyət yaranmışdı.

Paytaxt klubu liderlə xal fərqini azaltmaq şansını əldən verdi. Bu, bəlkə də “Neftçi”ni çempionluğa ümidləndirəcək əsas oyun idi. Büdrəməyə görə təkcə Aqili günahlandırmaq olmaz. Öncəki matçlarda əla çıxış etmişdi, bir səhvlə onu siyahıdan silməyək. Füzuli Məmmədov daha çox qınanmalıdı. O, buna qədər hücum futboluna üstünlük vermişdi, “Neftçi” ənənələrinə xas üslüb fayda gətirirdi. O, sələfi Roberto Bordin kimi qorxaq oyunu seçincə cəzalandı. Əvəzləmələr daha çox top saxlamaq, vaxt ötürmək üçün nəzərdə tutulmuşdu ki, belədə “Səbail” özünə gəldi, irəlidə təzyiqi artırdı və qol vurdu.

“Neftçi” öndən, “Səbail” sondan ikincidi – tur başlayarkən də belə idi, bitərkən də. Bəlkə elə mövsümün sonunda da bu mənzərəni gördük. Bircə o dəqiqdi ki, komandalardan heç biri dünən potensialına uyğun futbol oynamadı. Meydan sahibləri rəqibin diqtəsi ilə oyun qurdusa, “Səbail” boyundan hündürə tullandı.

AĞA

Shares: