Elxan Məmmədov taktikasına sadiqdi. O, yenə də insanları bir-birinə qarşı qoyur, problemin özündən qaynaqlanmasını gizlətmək üçün ara qarışdırır. Bu dəfə veteranları jurnalistlərlə üz-üzə qoymaq, onların bir-brini tənqid etməsinə nail olmaq niyyətindədi.

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan bu şəxs veteranlarla son görüşündə maraqlı fikir söyləyib: “Fikrimcə, vaxtilə futbol oynayanlar klubların rəhbər heyətində təmsil olunmalıdır. İdman direktorları, icraçı direktorlar onlar olmalıdır. Mən keçən dəfə “CBC Sport”da klub nümayəndələrinin iştirakıyla keçirilən “tok-şou”nu izlədim və açığını deyim ki, utandım. Verlişdə iştirak edənlər arasında cəmi 1 futbol adamı var idi – “Neftçi”dən Ceyhun Sultanov. Qalanları keçmiş jurnalistdir. Digər klublar da “Neftçi” kimi keçmiş futbolçulara iş verməlidir. O jurnalist öz sahələrində peşəkar ola bilər. Ancaq jurnalistlər nəvaxtdan klub idarə edən olub? Yaxınlarda klub rəhbərlərini AFFA-ya yığacam. Onlarla söhbətdə bu məsələni qaldıracam və öz məsləhətlərimi verəcəm”.

Məmmədov əvvəla, bununla klubların daxili işinə qarışır. Kimisə AFFA-ya yığıb məsləhət vermək, təzyiq göstərmək lazım deyil. Adam əvvəlcə öz ətrafına baxar.

Birincisi, jurnalistlər arxasında Elşad Nəsirov kimi day-day olduğu üçün vəzifə sahibi olmayıblar, savadları, bilikləri veteranlardan daha yaxşı olduğu üçün iş başındadı. Hər nə qədər ölkə mətbuatında redaksiyasızlıq hökm sürsə də, deməli, bu illər ərzində savadlı kadrlar hazırlaya bilmişik. Və sabiq jurnalistlər minimum maaşla az qala klubların bütün ağırlığını çiyninə götürüb. Əksər veteranlar ilk növbədə maaş davası edir. Eyni zamanda onların klub idarəetməsində əksər vəzifələrin öhdəsindən gəlmək bacarığı yoxdu.

İkincisi, deyək ki, həqiqətən savadları var və klublar onlara iş vermir. O zaman Məmmədov özü niyə veteranlara biganədi? Axı, AFFA-da məhz futbolun içindən çıxmış insanların çalışa biləcəyi çox post var. Bəs, Elxan bəy özü niyə indi klublara məsləhət bildiyi addımı atmır? Marketoloq dostlarına, qohumlarına yüksək maaş, əlavə “paket” , xidməti maşın ayıran baş katib hansı veteranı qanadı altına alıb?

Milli komandalarla bağlı müxtəlif vəzifələr var, eyni zamanda məhz veteranların çalşmalı olduğu sahələr, lakin heç birində top qovmuşlardan kimisə görmürük. Məsələn, ən vacib sahə olan uşaq futboluna teleulduz, marketoloq Yusif Vəliyev rəhbərlik edir. Həmin postda hansısa veteranımız daha faydalı olmazdımı? Və ya məşqçi kurslarına rəhbərlik edən cavan oğlan kimdi? Osman Rəhimov. Bu şəxs tərcüməçidi. Daş veteranların başına ona görə düşüb ki, məşqçilərimizə kateqoriyanı bu adam verir. Elxan bəyin klublara göndərdiyi qeyri-futbol adamlarını, klubların müşahidə şuralarına yeritdiyi 2 jurnalisti də bura əlavə etsək, vəziyyət aydınlaşar.

Məmmədov, milləti üz-üzə qoymayın, nümunə göstərin. Zəhmət olmasa, əvvəlcə özünüz veteranlara qucaq açın, marketoloq dostlarınızı, day-daylarınızın qohumlarını AFFA-dan rədd edin, veteranlara iş verin, ondan sonra klubları qınamağa başlayın. Bəli, utanmalısız, amma klublarda işi aparan əsas şəxslərin jurnalist olmasına görə yox, öz ətrafınıza bacarıqsız “tapışlar”ı yığdığınıza görə…

VÜSAL MAHMUDOV

P.S.: Dünyanın ən ünlü məşqçilərindən olan Joze Mourinyo da vaxtilə jurnalist işləyib.

P.P.S.: Bəli, iş tapşırılan veteranlar da var. Amma onların əksəriyyəti “baş üstə” deyənlər və Məmmədov üçün züy tutanlardı, mütəxəssislər yox.

Shares: