AÇ-2020-nin final mərhələsinin A qrupunun 3 matçı Bakıda keçiriləcək. Ölkəmiz, eyni zamanda, qitə birinciliyinin 1/4 final mərhələsinin də 1 qarşılaşmasına ev sahibliyi edəcək.

Bakı “İnter”inin (indiki “Keşlə”) keçmiş prezidenti (kənar idarəçi) Georgi Nikolov Azərbaycan və Bakıda oynanılacaq önəmli qarşılaşmalar haqqında fanat.az-a danışıb. Bolqar futbol funksioneri Azərbaycanın Avropa ölkələrindən də təhlükəsiz olduğunu qeyd edib.

Nikolov ölkəmiz haqda hər yerdə xoş sözlər dediyini, lakin avropalıların Azərbaycan barədə az bildiyini vurğulayıb. İndiki “Keşlə”nin eks-prezidenti avropalılara, əsasən də, öz dostlarına Azərbaycana səfər etməyi məsləhət görməyə hazır olduğunu söyləyib: “Matçların orda keçirilməsi yerli futbol həvəskarları üçün yaxşı imkandı. Şübhəsiz, Avropadan da ölkənizə üz tutanlar çox olacaq. Açığı, sırf Avropa birinciliyinin oyunlarına baxmaq istəyən hansısa dostum məndən məsləhət almayıb. Amma söruşsalar, Azərbaycana səfər etsələr, çox maraqlı vaxt keçirəcəklərini, peşman olmayacaqlarını deyərəm. Çünki həqiqətən belədi. Yeri gəlmişkən, iki il öncə bir qrup bolqar həyat yoldaşımın məsləhəti ilə Bakıya istirahətə gedib. Onlar valeh olmuşdu! Necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı”.

Nikolov təhlükəsizlik məsələlərini də unutmayıb. O, hazırda Azərbaycanda təhlükəsizliklə bağlı hər şey çox yüksək səviyyədə olduğunu qətiyyətlə qeyd edib: “Sizin ölkənizdə təhlükəsizlik tədbirləri baxımından hər hansı problem yarana bilməz. Bunu məndən tutaq ki, isveçrəli, uelsli və ya başqa Avropa ölkəsindən olan tanışım, dostum soruşsa, “sizin ölkənizdən də təhlükəsizdi” deyərəm. Bu sözlərin altına imzamı atıram”.

Shares: