“Keşlə”nin kapitanı Slavik Alxasov futbolinfo.az saytına müsahibə verib. Müdafiəçi xal gətirən qolu vurduğu “Sumqayıt”la matçı dəyərləndirib, növbəti turda lider “Qarabağ”a qarşı oyun barədə danışıb. O, cəzalı oldğuğ üçün buraxacağı qarşılaşmayla bağlı ümidlidi.

– “Sumqayıt”la matçda gözlənilməz xal itirdiniz…

– Biz “Sumqayıt”la matça ciddi hazırlaşmışdıq. Lakin rəqibi dəyərləndirmək lazımdı. Onlar yüksək tempdə oynayan komandalardan biridi. Özü də onlarla səfərdə oynamaq asan deyil. Fikrimcə, heç-heçə də pis nəticə olmadı. Ən azı hesabda iki dəfə geri düşməyimizə baxmayaraq, dönüş yarada bildik.

– Qış fasiləsindən sonrakı oyunlarınız heç də gözlənilən səviyyədə alınmır. Bu xal itkiləri hədəfinizə çatmağa mane ola bilər?

– Mən belə düşünmürəm. Bu, futboldu və həmişə istədiyin kimi alınmır. Biz çalışırq ki, qalan 10 turda istədiyimiz nəticələri əldə edək. Ümid edirəm ki, məqsədimizə çatarıq.

– Rəhbərliyin çıxışınızdan narazı olduğu və buna görə komandaya etiraz etdiyi deyilir. Bunlar doğrudu?

– Rəhbərlik həmişə yanımızdadır, bizə dəstək verir. Nəticələr zəif olanda rəhbərliyin narazı olması normaldı. İdmanda həmişə belədi.

– Qarşıda “Qarabağ”la matç var…

– İstənilən oyunda xal qazanmaq, qalib gəlmək olar. Biz də martın 8-dəki matça çox yaxşı hazırlaşırıq. Meydana maksimum nəticə üçün çıxacağıq. Fikrimiz meydandan xallarla ayrılmaqdı.

– Səncə, “Qarabağ”la matçı həlledici qarşılaşmalardan saymaq olar? Əgər, qalib gəlsəniz, bu motivasiya baxımından sizə gələcəkdə kömək olar.

– Düşünürəm ki, bu matçda qazanılan xal bizə çox kömək edəcək. Həm də “Qarabağ”la matçın özü bir motivasiyadı. Çünki güclü rəqibə qarşı oynayırsan, futbolçu özü də yüksək səviyyədə çıxış etmək istəyir.

– Millətlər Liqasında Azərbaycan yığmasının düşdüyü qrupu necə dəyərləndirirsən?

– İndiki futbol elədir ki, zəif də güclüyə qalib gəlir. Hər halda, milli komandaya uğurlar arzu edirəm. İnanmalıyıq ki, komandamız qrupu lider kimi başa vuracaq. Rəqiblərin səviyyəsi eynidi və hər matçda xal almaq mümkündü.

– Baş məşqçi olaraq kimi düşünürsən? Əcnəbi, yoxsa yerli?

– Bu, bizim işimiz deyil.. Onu təyin edən adamlar var. İnşallah, kimliyindən asılı olmayaraq, düşərli məşqçi olar və nəticələr müsbət olar.

– Yeni gələn məşqçinin səni milliyə dəvət edəcəyini gözləyirsən?

– İnşallah, çağırsalar, çox sevinərəm. Lakin belədə mən öz işimi görürəm, oynayıram. Hər zaman da yığmaya dəstəyəm.

– Nikola Yurçeviçin zamanında sənə haqsızlıq olduğu deyilirdi.

– Hər məşqçinin öz taktikası və ona uyğun oyunçuları var. Yəqin ki, sisteminə uyğun gəlmirdim. Ümid edirəm ki, qarşıda dəvət alaram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp