AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə müqaviləni yeniləməyəcək. Mövsümün sonunda ikiillik anlaşması bitən avstriyalı yola salınacaq.

Bu, rəsmi xəbər deyil və müqavilə müddəti bitənə kimi də AFFA-dan dəqiq cavab gözləmirik. Prosedur gərəyi anlaşma yekunlaşmalı, sonra müzakirə edilməlidi. Amma “Futbolinfo”ya daxil olan məlumata görə qurum rəhbərliyi qərarını verib, sadəcə, açıqlamaq üçün uyğun zamanı gözləyir.

Stuxliklə vidalaşmaq təkcə işinə görə deyil. Fəaliyyət müddətində vəzifə səlahiyyətlərindən necə istifadə etdiyi, hansı işlər gördüyü AFFA rəsmiləri üçün ikinci plandadı. İlk növbədə avstriyalının davranışı müzakirə mövzusudu.

Təcrübəli hakimlərlə, hakim-inspektorlarla yola getməyən, az qala hamı ilə düşmən olan Stuxlikin iş prosesində tətbiq etdiyi daxili davranış qaydaları, tətbiq etdiyi metodlar hamını narazı salıb. Bundan başqa, Fritsin şəxsi keyfiyyətləri, mentalitetimizlə uyğun gəlməyən xoşagəlməz vərdişləri ciddi söz-söhbətə səbəb olub. Saysız lətifələr, məzəli əhvalatlar dillər əzbəridi və bütün bunlar AFFA rəhbərliyinin öz imicinə də xələl gətirir.

Bütün bunlara görə AFFA Stuxliki yola salmaq qərarına gəlib. Onun yerli mütəxəssislərdən biri ilə əvəzlənəcəyi, yoxsa yendən əcnəbi axtarışına çıxılacağı dəqiq deyil. Amma yaxşı olardı ki, yeni sədr seçiləndə səlahiyyət sahibləri “O olmasın, bu olsun” filmində Məşədi İbadın məşhur sitatını xatırlasınlar…

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp