Premyer Liqasının 20-ci turu darmadağınlarla başladı. “Qəbələ” və “Neftçi” layiq olduqları 3 xalı fərqli hesablarla qazandı. “Sumqayıt”la “Sabah” isə bəlkə də mövsümün ən uğursuz oyununu keçirdi.

Əslində, paytaxtdan kənardakı yeganə matçın dəyərləndirməsini baş məşqçilər çox yaxşı verib. Ayxan Abbasov ən uğursuz matçlarını oynadıqlarını bildirərək məsuliyyəti üzərinə götürübsə, Elmar Baxşıyev belə hesabı özlərinin də gözləmədiklərini vurğulayıb.

Dünən Qəbələdə həmişəki “Sumqayıt”ın ruhu dolaşırdı. Məzmunsuz oynayan komanda meydanda nə etdiyini bilməyən, məqsədsiz futbolçu toplusuna bənzəyirdi. Meydan sahiblərinin əziyyətini yerə vurmadan nəticəni elə qonaqların təmin etdiyini yazaq. Sanki rayon havası “göyərçinlər”in ritmini pozmuşdu.

“Sumqayıt”da bizi öyrəşdirdiyi kombinasiyalı oyundan əsər-əlamət yox idi, komandada heç nə alınmırdı. Müdafiə xəttində edilən dəyişikliklər də bunda rol oynayırdı. Camaləddin Xocaniyazov və Vurğun Hüseynovun matçı buraxması üzündən qışdan bu yana ilk dəfə meydana çıxmaq şansı qazanan Rail Məlikovun ləngliyi, mövqe seçimindəki səhvləri “Qəbələ”nin rəngarəng hücumları fonunda daha qabarıq görünürdü. Meydan sahibləri istədiyini edir, çox asan qollar vururdu.

Yəqin ki, Abbasov bu oyunu ciddi analiz edəcək. Futbolçularla ciddi söhbət edib, komandanı toparlamalıdı, əks halda, 0:5 komandanın düşüşünə, uğursuzluğu sıralamasına səbəb olacaq. Ancaq təşvişə də gərək yoxdu, hərdən belə qəzalar olur. “Qəbələ”nin israrla son pillədən qurtulmağa çalışdığını, komandanın indi-indi formaya düşdüyünü və dünən onlarda hər şeyin alındığını nəzərə alsaq, nəticə hardasa gözlənilən idi. Sadəcə, hesab böyük alındı və bu, məğlubiyyəti faciəvi göstərir. Amma bu gün Bayıldakı nəticədən asılı olaraq, Ayxan bəyin yetirmələrinin yenə 4-cü pillədə qalması mümkündü.

Darmadağınlar günündən “Sabah” da nəsibini aldı. Füzuli Məmmədovun gəlişindən sonra daha hücumameylli, daha inadkar oynayan “Neftçi” həmşəhərlilərini çox rahat yendi. Meydanın ağası olan “ağ-qaralar” istəsəydi, hətta mövsümün ən böyükhesablı qələbəsini də qazanardı. Verilməyən penalti, hakimlərin “Neftçi” oyunçularına çox rahat vərəqə paylaması üzündən yaranan qovulmaq qorxusu olmasaydı, indi daha biabırçı hesabdan danışırdıq.

“Neftçi”nin yaxşı oyunu öz yerində, lakin ona bu şəraiti yaradan komandadan da danışmalıyıq. Yəqin ki, dünyada Jelko Sopiç kimi məşqçilər barmaqla sayılacaq qədərdi. Bir tur öncə yaxşı nəticə qazanan heyəti bu qədər dəyişmək, uğurlu oyun modelindən belə asan imtina etmək hər adamın işi deyil. Cəzalı Saşa Stamenkoviçin yoxluğunda qapının etibarsız olması bir yana, 5-3-2 taktiki sxemini seçməklə xorvatıyalı məğlubiyyətə açıq olduğunu göstərirdi.

Sopiç uzun ötürmələrlə Marko Deviç və Sezar Rodrigesin nəsə edəcəyinə ümid bəsləyirdi, lakin bununla orta sahə tamamilə rəqibin ixtiyarına verilmişdi, “Neftçi” isə məhz belə təzyiq yaratmaq üzündən çox rahat oynayırdı. Düzdü, ilk iki qol gözlənilməz alındı, fərdi bacarığın nəticəsi idi. Lakin “Sabah” rəqibi dayandırmaq, qol vurmaq üçün heç nə etmirdi. Uduza-uduza 5 müdafiəçi və 2 dayaq yarımmüdafiəçiylə oynamağa davam etmək yalnız Sopiçin ağlına gələ bilərdi.

“Sumqayıt”la “Sabah”ın darmadağınına fərqli yanaşmağa haqqımız var. Bir komanda istənilən üzvü olmadıqda bütün oyun sistemi dağılan, 11-12 futbolçudan asılı kollektivdisə, “Neftçi”nin rəqibində durum fərqlidi. “Sabah” faktiki ən yaxşı heyətə malik 2-3 komandadan biridi, lakin Sopiç bu zənginlikdən heç cür istifadə etmir. Ramil Şeydayev, Amadu Daillo kimi oyunçuları ehtiyatda saxlamaq, veteran Deviçə və ya Məqsəd İsayevə güvənmək, üçlü mərkəz müdafiəsi ilə oynamaq uğursuzluğa matç başlamadan razılaşmaq deməkdi.

“Sabah” rəhbərliyinin gördüyü işlər təqdirəlayiqdi. Maliyyə baxımından heç bir sərhəd yoxdu, çox keyfiyyətli oyunçular alınıb, lakin ən yaxşılardan sayılacaq avtomobilin naşı sürücüyə həvalə olunması qəzaya razı olmaq deməkdi. Sopiç “Sabah”ın sabahını quracaq məşqçi deyil. Təsadüflər üzündən qazanılan 1-2 uğurlu nəticə də yalnız futbolçuların fərdi bacarığının məhsuludu. Hər matçda “əlcəkləri yanan” Stamenkoviç olmadıqda oyundakı qüsurlar üzə çıxır və hesab 0:4-lə ölçülür. Gənc klubun xərclədiyi maliyyəyə, rəhbərliyin futbol sevgisinə yazıq olur, sıradan biri olan xorvatla bu zənginliyi məhv etməyə dəyməz.

Hələ qarşıda xeyli oyun var, vəziyyət dəyişə, “Sabah” avrokuboklara gedə bilər, amma Sopiçlə möhkəm komanda yaratmaq, gələcəkdə böyük işlər görmək olmayacaq. “Neftçi” isə eyforiyaya qapılmamalı, arxayınlaşmamalıdı. Düzdü, nəticə əladı, Füzuli Məmmədov Roberto Bordindən daha cəsarətlidi, komanda futbol oynamağa başlayıb. Bununla belə, sabitliyi qorumaq lazımdı ki, ötən turdakı kimi büdrəmələr təkrarlanmasın.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp