Bundan sonra baş tutacaq 8 tura 8 xallıq fərqi aradan qaldırmaq mümkündü. Amma “Qarabağ”ın buna imkan verməsi ağılsızlıq olar. Liderlik təcrübəsi kifayət qədər olan “Qarabağ” “Neftçi”nin onu üstələməsinə imkan verməz. Mövsümün sonuna kimi 2 məğlubiyyət və 1 heç-heçə “icazəsi” olan ağdamlılar yəqin ki, növbəti çempionluğu bayram edəcək.

“Keşlə”ni eyni üsulla qabaqlayan “Neftçi”nin də gümüş medalı əldən verməsi inandırıcı görünmür. Tərlan Əhmədovun yetirmələrinin işi isə daha asandı. 3-cü pullədə möhkəmlənən “qırmızı-ağlar” hətta qalib gəlmədən də arzusuna çata bilər. Çünki daha aşağıda olan komandalar bir-birini yenməklə məşğuldu və çətin ki, qələbə seriyası yaxalayıb, yuxarılara əlcək atsınlar.

“Zirə” nəhayət, qələbə qazandı. 4 turluq uğursuz seriyadan sonra Zaur Həşimovun yetirmələri özünə gəldi. Bayılda qazanılan qələbə “qartallar”ı bir andaca 4-cü pillədəki “Sumqayıt”a şərik etdi. Özü kimi heyət yetərsizliyindən əziyyət çəkən “Səbail”lə matçda qəsəbə təmsilçisi inadkarlıq sayəsində sevindi. David Volkovun gözəl qoluna Rauf Əliyev fasiləyə kimi cavab versə də, qalan dəqiqələrdə meydanda bir komanda vardı.

Ümumilikdə “Səbail” pis təsir bağışlamadı. “Zirə”nin xüsusilə yarımmüdafiənin çərkəzindəki zəif oyunu meydan sahiblərini diqtə edən tərəfə çevirmişdi. Amma Həşimov 2-ci hissədə risk edib, hazır olmayan Şafik Tuqrudjanı oyuna buraxdı və bu legioner oyundaşlarını toparladı. Məhz o, top saxlamaqla komandanın mövqe hücumlarını yaxşılaşdırmağa yardım etdi, müdafiənin nəfəs dərməsinə şərait yaratdı. Əvvəlcə Ağabala Ramazanov fərdi ustalıq hesabına qol vurdu, ardınca Şafik özü müdafiəni mərkəzdən yardı. Beləliklə, meydan sahiblərinin məğlubiyyətsiz seriyasına son qoyuldu.

“Keşlə” “Qarabağ” oyununda da oxşar ssenari yaşandı. Məhz meydanın mərkəzində üstün olan sonda 3 xalı aktivinə əlavə etdi. Tərlan Əhmədovun Con Kamara və Tural Bayramov kimi 2 dayaq yarımmüdafiəçisinin xidmətindən zədə üzündən məhrum olması Qurban Qurbanovun gözündən yayınmamışdı. Dayaq bölgəsinə Pərviz Azadov kimi təcrübəsiz, Ruslan Qurbanov kimi fərqli mövqe oyunçusunun məcburiyyətdən qoyulması hesabda əksini tapdı. “Qarabağ” fərdi bacarığı yüksək Abdulla Zubiri hücumçunun arxasında oynatmaqla taktiki planda qələbəni təmin etdi.

İlk qol zamanı Abdulla məhz dayaq oyunçularının səhvindən ustalıqla yararlandı. Onun cərimə meydançası önündən vurduğu zərbə dəqiq oldu. Cəzalı Slavik Alxasovun da yoxluğunda çarəsiz qalan Əhmədov son dəqiqələrdə müdafiəçini hücumçuyla əvəz edib risk alsa da, heç nə dəyişmədi. “Qarabağ” top hakimiyyətini əldən vermədi və növbəti qolu vurdu. Bu dəfə Filip Ozobiç müdafiəni mərkəzdən yardı. Xorvat meydana çıxdıqdan sonra Zubir cinaha çəkilmişdi və o, Qara Qarayevin ideal ötürməsndən sonra dayaq oyunçularından yayınıb qələbəni rəsmiləşdirdi.

Əhmədovun yetirmələrinin qol vurmaq üçün bir neçə imkanı oldu. “Keşlə”nin baş məşqçisi hətta yetərsiz heyətlə də bir neçə dəfə rəqibə təhlükə yaratdı. Lakin hücumçuların qeyri-dəqiqliyi və qapıçı Şahruddin Məhəmmədəliyevin fədakar oyunu ağdamlıların top buraxmamaq seriyasını uzatmasına kifayət etdi.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp