2 ilə 1 milyon dollar – çox ciddi rəqəmdi. Və bunu klubun titul sponsoru ödəyirsə, xüsusilə alqışlanmalıdı. Bu, Premyer Liqanın bəzi klublarının yarım illik büdcəsi deməkdi.

“Türkiyə Hava Yolları” (THY) “Neftçi” ilə müqavilə bağlamaqla böyük addım atdı. Bəlkə də risk idi, amma alındı. Ölkə futbolununu tarixi olan, daim iddiası ilə seçilən Bakı təmsilçisi ən yaxşı seçim idi, THY də bunun fərqinə vardı. “Neftçi”nin Bakıxanovdakı Təlim-Məşq Mərkəzinə də adını verən şirkət futbol təsərrüfatımıza yeni nəfəs gətirib.

Əslində, “Türkiyə Hava Yolları” yaxşı nümunədi. Sponsorların futboldan çəkildiyi bir zamanda belə addım atmaq həm də cəsarətli gedişdi. Təsadüfi deyil, ardınca bir sıra kiçik şirkətlər də eyni addımı atdı və ara-sıra klublarımızın hansısa sponsorluq müqaviləsi bağlamasıyla bağlı xəbərlər eşidirik. THY kimi nüfuzlu şirkət bu yolu seçibsə, risk etmək daha da asanlaşır.

Təbii ki, bu anlaşmada şirkətin hansısa maddi qazancı yoxdu. Brendin tanıdılması, eyni zamanda sosial layihələrə dəstək baxımından edilmiş seçimdi. THY eyni zamanda həm də gələcəyə yatırım edir. “Neftçi” uzun müddət titulsuz qalsa da, klubun bəlli potensialı var və gec-tez ən zirvədə olacaq. O yüksəkliklərə THY ilə qanadlanmaq isə həm də simvolik məna daşıyacaq.

Bir dünya brendi olan “Türkiyə Hava Yolları” “Mançester Yunayted”, “Barselona”, ​​”Borussiya” (Dortmund) kimi klublarla əməkdaşlıqla diqqət çəkib. 2016-cı ildə Avropa çempionatının sponsoru olan şirkət Azərbaycanda eyni yolu getməklə digər şirkətlərə nümunə oldu. Hazırda Azərbaycanda kifayət qədər qazanan avtomobil şirkətləri, banklar və s. var. Onların demək olar, hamısı futbola biganədi. Belə bir şəraitdə dövlətin idmana qayğı siyasətinə THY dəstək verir. Halbuki say daha çox olmalı idi. Olmayıb, amma “Türkiyə Hava Yolları” çığıraçan kimi bu yola çıxıb, ümid edirik, nümunə götürənlər olacaq.

Təbii ki, bu əməkdaşlığın qarşılıqlı faydası olacaq. Yalnız bugünü düşünmək olmaz. “Neftçi” böyük, Azərbaycanın qitə kuboklarında qruplara yolunu açmış klubdu. Zamanla eyni uğurlar təkrarlanacaq, daha da yaxşı nəticələr izləyəcəyik. Və həmin günlər uzaqda deyil. THY-nin necə uzaqgörən addım atdığına məhz o zaman şahid olacağıq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp