Milli komandamızın toplanışı hər hansı başqa hazırlıq prosesi ilə əvəzlənməyəcək. Bunu futbolinfo.az saytına açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.
Yığmamızın martın 23-dən 31-dək Maltada keçirəcəyi toplanış koronavirus pandemiyası səbəbindən ləğv edilib. Eyni zamanda, bu ölkədə reallaşması nəzərdə tutulan 2 sınaq görüşü də baş tutmayacaq. Çempionatlarda fasilə olduğundan ayın son həftəsi faktiki boş keçəcək.
Düşünmək olardı ki, AFFA bu fürsəti dəyərləndirib, ən azı Bakıda qısamüddətli hazırlığı lazım biləcək: “Belə bir plan yoxdu. Düzü, olması da gözlənilmir. Hazırda məlum səbəblərdən belə toplanışlar məqsədəuyğun bilinmir”.