“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirin futbolinfo.az-a müsahibəsi

  • “Keşlə” çempionatın iddialılardan olsa da, səfərdə qələbə qazandınız. Oyun barədə fikirləriniz necədir?
  • Onları çox ciddi rəqib kimi qəbul edirik, güclüdürlər. Asan olmadı. Xüsusilə, müdafiədə kompakt oynamaları onların müdafiə xəttini yarmağımızda çətinlik yaradırdı. Buna baxmayaraq istədiyimizə çata bildik. Müdafiədə də inamlı oynadıq və 3 xal qazandıq. Önəmli olan budur.
  • Çempionat sona yaxınlaşdıqca, artıq çempion olacağınızla bağlı xəbərlər çoxalır…
  • Bunu siz deyirsiz amma çempionatın sonuna xeyli vaxt var. İstənilən komandanın büdrəmək ehtimalı var. Özünüz də görürsünüz ki, matçlar necə keçir. Liqa bitməyib və bu xəbərlərin doğru olmadığını düşünürəm.
  • “Keşlə” ilə matçda sanki bir az aqressiv görünürdün. Bu rəqibin sərt oynaması ilə əlaqədar idi?
  • Mən razılaşmıram ki, aqressiv idim. Düşünürəm ki, adət etdiyim əhval-ruhiyyədə meydana çıxmışdım. Qarşılaşma ərzində ayağıma bir neçə zərbə alsam da, buna reaksiya verməmişdim. Amma bir epizodda əsəbiləşdim. Doğrudan, ayağıma çox pis vurdular və buna aqressiv reaksiya verdim.
  • Matçda fərqlənə bildin. Düzdür, az olsa da, belə zərbələrin qol olur. Niyə bundan çox istifadə etmirsən?
  • Hər zaman meydana komandama kömək olmaq üçün çıxıram. Bir hədəfim yoxdur ki, deyim mövsümün sonunda bu qədər qol vurmalıyam. Fərqlənmək də oyundan asılıdır. Bəzən qol vururam, bəzən ötürmə edirəm. Əsas məqsəd komandam üçün yararlı biri olmaqdır. Qollar olacaqsa, daha yaxşı, olmasa da, məqsəd qoymamışam qarşıma.
  • “Qəbələ” autsayderdir və stabil oyun göstərmir. Onlar üzərində rahat qələbə qazanacağınız düşünülür. ..
  • Bununla qətiyyən razılaşmıram və “Qəbələ” ilə matç asan olmayacaq. Sonuncu yerdə olmalarına baxmayaraq son matçlarda yaxşı çıxış edirlər. Çempionatın istənilən komandasına qarşı çətin oyun gedir. Bu da istisna olmayacaq. Əziyyətli, çətin qarşılaşma bizi gözləyir və məqsədimiz 3 xal qazanmaqdır.
  • Sizi “Qəbələ”dən sonra daha vacib matç gözləyir. “Neftçi” üzərində qələbə çempionluq baxımından həlledici ola bilərmi?
  • Həlledici olub-olmayacağını deyə bilmərəm. Riyazi cəhətdən hər şey həll olunmayınca bizim çempion olduğumuzu elan etmək yanlışlıqdır. Həmin matçdan sonra da matçlar olacaq. Sona qədər gözləmək lazımdır.

AĞA

Shares: