Gözlənilən oldu. Az öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb.
Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq belə bir əmr imzalanıb.
Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.
Az öncə basketbol üzrə Azərbaycan çempionatı da dayandırılmışdı. Və bütün bunlar AGİN-in Azərbaycanda idman qurğularının fəaliyyətini müvəqqəti dayandırması haqda qərarından sonra dəqiqləşib. Belə ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova yaydığı açıqlamada bildirib.
“Hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalisinin sağlamlığını qorumaqdır. Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən, idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Grand Prisisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır. Məlumat üçün bildiririk ki, Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb” – deyə açıqlamada qeyd edilir.