Koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün arxada qalan oyunlarında “Qəbələ” 5 dəfə meydanı qol buraxmadan tərk edib.
Futbolinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmalardan 4-ü Azərbaycan Premyer Liqası, 1-i ölkə kubokuna təsadüf edib.
“Qırmızı-qaralar” dörd ev, bir səfər görüşündə qapısını toxunulmaz saxlayıb. Qapıçılara gəlincə, Anar Nəzirov 5, Tərlan Əhmədli isə sonradan meydana çıxdığı iki matçda hesabına “quru” oyun yazıb. Bu, sonuncunun “Qəbələ”dəki ilk belə matçları olub. Ötən mövsümün qış fasiləsində bu komandaya qayıdan Nəzirov isə “qırmızı-qaralar”ın heyətindəki quru oyun sayını 17-yə çatdırıb. O, qapısını ilk dəfə “Qəbələ”də debüt etdiyi 2010/11 mövsümündə toxunulmaz saxlayıb. Anar 12 çempionat, 5 kubok görüşünü “quru” keçirib.
O, klub tarixində ən çox oyunda qol buraxmayan qapıçılar arasında 4-cü pillədədi. Mütləq rekord isə Dmitri Bezotosnıya məxsusdu. Ukraynalı qolkiper 73 “quru” oyun keçirib. Latviyalı Pavel Doroşevin hesabında qol buraxmadığı 42 matç var. Yerli futbolçular arasında rekord ümumi siyahıda 3-cü olan Xəyal Zeynalova məxsusdu. Birinci dəstədə də oynamış qapıçı 25 dəfə meydanı qol buraxmadan tərk edib.
Qeyd edək ki, “Qəbələ”nin tarixində 20 qapıçı ən azı bir rəsmi matçda iştirak imkanı qazanıb. Onlardan 18-nin aktivində qol buraxmadığı oyun var. Yalnız Rəşad Mustafayevlə Cavidan Hüseynzadənin hesabında belə matç yoxdu.
“Qəbələ”də “quru” oyun keçirən qapıçılar
- Dmitri Bezotosnı – 73
- Pavel Doroşev – 42
- Xəyal Zeynalov – 25
- Anar Nəzirov – 17
- Kamran Ağayev – 10
- Dieqo Kosta – 10
- Elnar Kərimov – 8
- Zurab Mamaladze – 8
- David Pietrzkeviç – 5
- Cahangir Həsənzadə – 4
- Qrem Smit – 4
- Nadir Şükürov – 3
- Elvin Buruzov – 3
- Andrey Pöpoviç – 2
- Tərlan Əhmədli – 2
- Aqil Məmmədov – 1
- Toğrul Əhmədov – 1
- Murad Popov – 1