UEFA Şotlandiyanın “Seltik” və “Reyncers” futbol klublarını cərimələyib.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qlazqo təmsilçisi Avropa Liqasının 1/16 final mərhələsinin Portuqaliya “Braqa”sı ilə ev oyununda (3:2) meydana azarkeş daxil olduğu üçün 10 min avro məbləğində cərimə ödəyəcək. Həmin qarşılaşmada azarkeşlərin priotexniki vasitələrdən istifadə etməsi də klubu ziyana salıb – 5 250 avro.

Bundan başqa, “Reyncers” Avropa Liqasının 1/8 final mərhələsinin Almaniya “Bayer”i ilə evdəki matçında (1:3) yerli fanatların meydana yad cisimlər atması səbəbindən 5 250 avro məbləğində cərimə olunub.

“Seltik” isə Avropa Liqasının 1/16 final mərhələsində Danimarka “Kopenhagen”i ilə səfər oyununa gecikdiyi üçün 15 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, 1/16 final mərhələsində “Braqa”nı iki oyunun nəticəsinə (3:2, 1:0) əsasən mübarizədən kənarlaşdıran “Reyncers” 1/8 finalın ilk qarşılaşmasında doğma meydanda “Bayer”ə 1:3 hesabı ilə uduzub. Cavab görüşü koronavirus pandemiyasına görə təxirə salınıb. “Seltik” isə 1/16 finalda “Kopenhagen”ə (1:1, 1:3) məğlub olaraq mübarizəni dayandırıb.

Shares: