FİFA dünya futbol təsərrüfatına dəstək məqsədilə sabitləşmə fondu yaratmağı planlaşdırır.
Futbolinfo.az “The Times” nəşrinə istinadən xəbər verir ki, belə bir fondun təsis olunması ideyası klubların koronavirus pandemiyasına görə maliyyə böhranı ilə üzləşməsindən sonra gündəmə gəlib.
Ən son illik hesabata görə, FİFA-nın hazırkı pul ehtiyatı 2,74 milyard ABŞ dolları təşkil edir. İddiaya əsasən, ali futbol qurumu yeni fonda bir neçə yüz milyon ABŞ dolları ayırmağı planlaşdırır. Amma fondun yaradılmasını FİFA-nın Şurası təsdiqləməlidi.
FİFA rəsmilərinin hazırda koronavirusun dünya futboluna qısa və orta müddətli təsirini qiymətləndirdiyi vuruğulanıb. Fondun klublara qısamüddətli kreditlər və təcili qrantlar verəcəyi gözlənilir. Fondun FİFA rəhbərliyindən asılı olmayaraq idarə olunacağı bildirilib.