“Çempionatda yetərincə fasilə yaranıb. Məşq yox, oyun yox. Əslində Bakıya qayıtmaq yaxşı olardı. Amma Azərbaycanda da karantin rejimi gücləndirilib. Bəlkə də qayıtmağın mənası yoxdur. Burda da evə oturmuşam”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Estoniyanın “Trans Narva” klubunda çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov deyib.
27 yaşlı hücumçu ölkəyə qayıtmaqla bağlı səfirliyə müraciət etmədiyini söyləyib. Novruzov şəhəri tərk etməyə icazənin olmadığını da vurğulayıb: “Çöldə 3 nəfəri birlikdə görəndə cərimələyirlər. Adicə iki nəfər harasa gedirsə, aralarında 1-2 metr məsafə olmalıdır. Hər yer bağlıdır, axşam saat 8-9-a kimi market və apteklər açıqdır”.
Forvard bu virusun böyük təhlükə olduğuna inanmadığını sözlərinə əlavə edib: “Media vasitəsilə insanları qorxurdurlar. Bilirəm ki, bu fikrim hamıya gülməli gələcək. Həqiqətən inanmıram. Virus var, amma o qədər də təhlükəli deyil. Nədənsə, bu xəstəliyə məşhur insanlar yoluxur. Təmizliyə riayət edilməlidirsə, əllər hər gün sabunla yuyulmalıdırsa, onda bu xəstəlik tanınmış insanları niyə tutur?Küçədə bu qədər “bomj” var, onlar niyə yoluxmur? Bu, bir az gülməlidir”.
Qeyd edək ki, Nurlan Novruzov “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi komandaların formasını geyinib. O, son olaraq Moldovanın “Dinamo-Avto” klubunda çıxış edib. Forvard 2014/2015 mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.