(4-cü yazı)

Tarixdə nəticələr qalır. Üst səviyyədə nailiyyətlərimiz istədiyimiz kimi olmasa da, digər klublarla müqayisə olunmaqla yanaşı obyektıv səbəblər araşdırılmalı, təhlillər aparılmalıdır. Reallıqda nəinki analizlər, ölkədaxili mənbələrdə elementar statistik məlumatlar belə yoxdur.

Söhbət tək “Neftçi”dən getmir, bütün liqalarda çıxış etmiş ustalardan ibarət klublarımıza aiddir. Respublika çempionatında mübarizə aparmış komandalarımızdan isə danışmağa dəyməz. Oxucular, futbol ictimaiyyəti xəbərsizdir. Sanki ölkə futbolu müstəqillik illərimizdən üzü bu tərəfə yaranıb.

Azərbaycan futbol tarixində son 15 ildə xərclənən vəsait heç vaxt olmayıb. Futbol bataqlığa sürüklənib, bəllidi, heç olmasa futbol arxivi toplanardı, müasir tələblərə uyğun elektronlaşdırılardı. Bunun üçün yaşıl meydanlarda olduğu kimi böyük şücaət tələb olunmur ki?!

Yaxın keçmişdə AFFA-nın nəşri olmuş “Futbol dünyası”na illik 100 minlərlə maliyyə ayrılıb. Bunları biz demirik, federasiyanın hesabatlarında öz əksini tapıb. İllərlə ayrılan pullarla yanaşı klublarla reklam sazişlərini də nəzərə alsaq, milyonlarla vəsait edir. Çap məhsullarına, enduka, ramimlərin mənasız reklam xarakterli klip-çarxlarına, foto-təqvimlərinə ayrılan maliyyə futbol tariximizin təbliğinə yönəldilsəydi nəyi pis idi?!

Sonra da deyirik ki, Azərbaycan azarkeşi “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”a, elə AFFA rəsmiləri kimi “Bavariya”, “Yuventus”a, digər klublara tərəfkeşlik edirlər. Futbol ictimaiyyəti ac saxlanılanda, futbol ideologiyası yerində olmayanda, belə də olmalıdır.

Futbol yoxdur, məhv edilib, klublar dağıdılıb, barı tarixə hörmətlə yanaşılsın. Gecə-gündüz Essyenin “Səbail”ə verdiyi “xeyirdən”, lippert, stuxlik, yurçeviçlərin “möhtəşəm” fəaliyyətlərindən, “azərbaycanlı futbol oynaya bilmir”lərdən, milliləşdirilmişlərdən bəhs etməklə futbolmu dirçələcək?!

Bu gün sıradan bir futbolçumuzun adı geridə qalmış, ən yaxşı halda ortabab xarici ölkə çempionatları, klubları ilə yanaşı çəkiləndə, həftələrlə müzakirə edilir. 40-50 il öncə, o bölgə yox idi ki, Azərbaycan futbol məktəbinin yetirmələri çıxış etməsinlər. Əvvəllər Mahaçqalada bizimkilər oynayırdılar, indi əksinədir…

60-cı illərin futbolunu qısa təsəvvür etmək mümkünsüzdür. “Neftçi” güclülər dəstəsinə qayıtdıqdan sonra kənarda çıxış edən futbolçularımız geri dönməyə başladılar. Ələkbər Məmmədov, Yuri Kuznetsov “Dinamo” Moskva, Kazbek Tuayev “Spartak” Nalçik, Vyaçeslav Semiqlazov ÇSKA-dan və s.

Komanda yenidən yığılır, optimal heyət formalaşdırılırdı. 62-dən başlayaraq “Neftçi” elitada artan xəttlə, stabil çıxış etməyə başladı. Yeni nəsil istedadlı futbolçular da yetişirdi. Tək bakılılar deyil, “Dinamo” Kirovabadla birgə yüksək liqada onlarla azərbaycanlı, usta futbolçularımız çıxış edirdilər…

Peşəkar klublarımızın sayı 60-ların ilk yarısında, ümumiyyətlə sonra da çox deyildi. O qədər istedadlı, bacarıqlı futbolçular üzə çıxırdı ki, yüksək rəqabətdən, hətta haqsızlıqlardan komandalarımıza düşə bilmirdilər. Futbolçularımız bütün sovetlər birliyinə səpələnmişdilər…

Rusiya, Ukraynanın 100-dən çox komandası az edirdi, Azərbaycanda yetişən futbolçuları min yolla Moskva, Kiyev, Yerevan klubları dartıb aparırdı. Digərləri isə “Paxtakor”, “Kayrat”, “Dauqava” (güc. dəstəsi), “Dnepr”, “Çernomorets”, “Zenit” kimi klublarla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistanın fərqli komandalarında çıxış edirdilər.

Tofiq Axundov, Yaşar Babayev, Nadir Eynullayev, Adil Babayev, Mübariz Zeynalov, Zahid Hüseynov, Müzəffər Qasımov və digərləri öz dövrlərinin sayılıb seçilən futbolçularından olublar. Bir çoxları unudulub, yada salan da yoxdur. 60-larda güclülər dəstəsində oynamış azərbaycanlı futbolçuların siyahısını imkan daxilində dəyərli oxuculara təqdim edərik. Bir deyil, iki deyil, onlarladı…

Aparıcı futbolçularımızı müxtəlif bəhanələrlə şirnikləndirib, əskərlik bəhanələri ilə oğurlayıb lider klublar aparmasaydılar, heç şübhəsiz, “Neftçi”nin nəticələri daha yüksək olardı. Ancaq V.Semiqlazovun ordu xidməti adıyla ÇSKA macəraları bəs edər. Təəssüf ki, əsgərlik “oyunları” SSRİ dağılana kimi Azərbaycan futbolunun, “Neftçi”nin başına oyunlar açıb…

Etiraf etməliyik, respublika rəhbərliyi, futbol təşkilatçılığı, milli təəssübkeşlik, yaradılan şərait qonşu respublikalardan geri qalırdı. Onlar istənilən yolla yetirmələrini, heyətlərini qoruyub saxlaya bilirdilər. “Ararat”ın isə qızıl dövrlərində markarovlardan tutmuş “Polad” Sumqayıtın poqosovlarına kimi 5-6 futbolçusu Azərbaycana aid idi.

Bunlar bəhanələr deyil, acı reallıqdır. Qonşularımız tarix boyu birinci özümüzünkülər, sonra başqaları prinsipinə hər zaman sadiq qalıblar. Azərbaycanda isə ilk olaraq prioritet yadlar, sonra özümüz olmuşuq. Bunun da cəzasını tək futbolda deyil, əsrlərdi əcdadlarımızdan miras qalmış torpaqlarımızı itirə-itirə cəzasını çəkirik.

Bu gün 8 komandalı çempionata, milli, yaş qrupları üzrə yığmalara futbolçu tapılmır, kütləvi milliləşdirilmə aparılır, o vaxt Azərbaycan özünə ziyan vura-vura bütün SSRİ-ni usta futbolçularla təmin edirdi. Son 10-15 ildə xərclənən milyonlar da 60-larda yox idi. Onilliyin ilk illərində “Neftçi”dən başqa sovetlər miqyasında cəmi 2-3 klubumuz çıxış edirdi.

Dağılan komandalarımız unudulduğu kimi, 61-də “Spartak” (“Şahdağ”) Qubanın daxili çempionluğunu da xatırlayanlar yox dərəcəsindədir. Bölgələrimizdə dövrün tələblərinə uyğun stadionlarımız azlıq təşkil etsə də, futbol var idi. Sonrakı onilliklərdə yetişən pleyada futbolçularımız 60-lardan həvəslənənlərdir…

“Neftçi”nin bürüncü ilə yanaşı Gəncə futbolunun yüksək liqa triumfu, sovetlər birliyində böyük futbol coğrafiyasının Naxçıvan, Mingəçevir, Zaqatalaya kimi uzanması gələcəyə ümid verirdi. Yeniyetmələrimiz də artıq uğurlar qazanırdı. Futbol strategiyasındakı təşkilati yanlışlıqlar, həmişə olduğu kimi daxili çəkişmələr tam inkişafa imkan vermədi…

(Davamı növbəti yazılarda)

TAHİR SÜLEYMANOV

Tahir Suleymanov - Futbolinfo.az
Shares: