“Zirə”nin yarımmüdafiəçisi Elvin Camalovun futbolinfo.az-a müsahibəsi

– Karantin rejimini necə keçirdiniz?
– Qaydalara uyğun olaraq evdəyəm. Qaxda, öz rayonumuzda idim və üstünlüyüm o idi ki, həyət-bacada gəzə bilirdim. Həyətdə mümkün qədər məşq etməyə də çalışırdım. Təəssüf ki, futbol oynamaq imkanı olmurdu. Komanda şəklində onlayn məşqlər də edirdik.

– Çempionatın bərpa olunmasına ümidlər azalır. Bunu hiss edirsən?
– Martın 12-dən etibarən rayondayam. 2 aydır ki, futboldan uzaq həyatımız var. Bütün futbol camiəsi darıxır, hər kəs meydançalara, stadionlara qayıtmaq arzusundadır. Ümidlər bəzən azalır, bəzən yenidən ümidlənirsən. Əsas sağlamlıqdır və göstərilən qaydalara əməl etməkdir. Bundan başqa əlimizdən heç nə gəlmir.

– Bir neçə gün öncə PFL-in açıqlaması hər kəsi sevindirmişdi…
– Bəli, mən də çox sevinmişdim. Düşünürdüm ki, artıq hazırlaşıb şəhərə qayıtmaq lazımdır. Karantin rejimi isə 31 maya qədər uzadıldı və hər şey əksinə oldu. Yeni qərarı gözləyirik və ümid edirəm ki, veriləcək qərar futbol haqqında pozitiv olar.

– Rayonlarda karantin rejimi demək olar ki, aradan qaldırılıb. Məşq eib futbol oynaya bilirsiz?
– Mayın 4-dən etibarə rayonumuzda karantin rejimi aradan qaldırılıb. Rahat şəkildə gəzə bilirik, məşq də edirik, futbol da oynayırıq. Düzdür, bu məşqlər komanda məşqlərinin yerini vermir, amma formada qalmağa çalışıram.

– Çempionatın rayonlarda davam etdirilməsi barədə fikirlərin necədir?
– Düzü, buna yaxşı baxıram. Düşünmüşdüm ki, belə bir şey ola bilər. Qəbələdə bunun üçün şərait var, elə Qaxda da oynamaq mümkündür. Yetər ki, çempionat davam etsin. Məkanın fikrimcə, heç kim üçün bir önəmi yoxdur.

– Hazırki vəziyyətdə liqa dayandırılsa, bunu “Zirə” üçün ədalətsizlik saymaq olar. Avrokuboklar şansınızın üstündən xətt çəkiləcək…
– Düşünürəm ki, yaxşı olmaz. UEFA yarışlarında mübarizə aparmaq şansımız var və bunun üçün ölkə kubokunda və çempionatda qalan turlar oynanılmalıdır. Ləğv edilsə də, barışmalıyıq, deməli belə lazım imiş. Lakin hazırki durumda hər kəsin Avropa Liqası şansı var.

CAVAD

Shares: