Koronavirus pandemiyasının hökm sürdüyü bir dönəmdə futbol dünyası bu günə qədər görmədiyi səhnələrlə tanış olur.

Futbolinfo.az xəbər verir ki, Portuqaliyanın ikinci liqasında mövsümə erkən yekun vurulub.

Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. Xəbərdə 24-cü turdan etibarən dayandırılan çempionatın lideri “Nasional”ın çempion elan olunduğu diqqətə çatdırılıb. Bu komanda ilə yanaşı, ikinci yerdə qərarlaşan “Farense” də elitaya vəsiqə qazanıb.

“Nasional”ın futbolçuları isə həm elitaya yüksəlmələrini, həm də çempion elan olunduqlarını məşq zamanı öyrəniblər. Komanda üzvləri hazırlıq keçərkən səsgücləndirici ilə şad xəbər onlara çatdırılıb. Nəticədə, futbolçular bir müddət sosial məsafə qaydalarını da pozublar və çempionluğu bayram ediblər.

Qeyd edək ki, yarıda qalan Portuqaliya yüksək liqasında isə mövsümün mayın 30-dan etibarən bərpa olunması planlaşdırılır.

Shares: