“Karantin dövründə demək olar ki, evdən çıxmadım. Bacardığım qədər evdə məşq elədim, çəkimi qorumağa çalışdım. Belə bir problem yoxdur. Lakin hamımıza bəllidir ki, komanda məşqləri fərqlidir”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Tural Axundov deyib.
O, koronavirus pandemiyasına görə yaranmış karantin rejimindən danışıb. Axundov çempionatın keçirilib-keçirilməməsi barədə də fikirlərini açıqlayıb:
“Hər kəs elə düşünür ki, çempionat keçirilsə, komandaların hazırlaşmaq üçün vaxtı olmayacaq. Ya da bu çox çəti proses olacaq. Lakin Premyer Liqanın davam etdirilməsini istəyərdim. Qərar verən adamlar biz deyilik. Bizim işimiz meydana çıxıb futbol oynamaqdır. Dövlətin verdiyi qərarlara hörmətlə yanaşmalıyıq. Çempionat baş tutmasa, nə olacağını da deyə bilmərəm. Bu barədə rəhbərlik danışacaq, qərar verəcək. Hamı meydana çıxmaq, yenidən futbol oynamaq arzusundadır”.
Təcrübəli futbolçu oyunçularla klublar arasında müqavilə baxımından problemlər yaranacağını da düşünmədiyini deyib:
“Müqavilə baxımından heç bir problem görmürəm. Çox futbolçunun müqaviləsi başa çatacaq. Yəqin ki, onlarla klublar danışacaqlar, masa arxasına oturacaqlar. Bu futbolçular sırasına mən də daxiləm. “Neftçi” ilə müqaviləm bitir və gözləyək görək necə olacaq”.
“Neftçi”nin üzvü çempionatın davam etdiriləcəyi halda fasiləsiz növbəti mövsümdə və avrokuboklarda da oynamağın çətinlik yaratmayacağını sözlərinə əlavə edib:
“İnanıram ki, mövsüm davam edəcək. Biz istəmirik ki, dayandırılsın. Davam etsə, burda heç bir problem görmürəm. “Neftçi”nin heyəti təcrübəli və keyfiyyətli futbolçulardan qurulub. Bütün çətinliklərin öhədəsindən gələ bilərik. Transfer məsələləri isə rəhbərliyin biləcəyi məsələlərdir”.