Azərbaycan Premyer Liqasının taleyinə bu həftə aydınlıq gəlməlidi. Cari mövsümün davam etdirilib-etdirilməyəcəyi Operativ Qərargahın qərarından asılı olacaq.

Futbolinfo.az xəbər verir ki, çempionatın başa çatdırılması üçün idman qurğularına qoyulan qadağa aradan qalxmalı, komandalar məşqə başlamalıdı. Yalnız belə olacağı təqdirdə iyunun əvvəlində mövsümün davam etdirilməsi mümkündü.

Son günlər xüsusi karantin qaydalarında bəzi yumşaldılmalar edilib. Bakı Metropoliteninin fəaliyyətini bərpa etməsindən sonra digər qərarlar səbrsizliklə gözlənilir. Təbii ki, ilk növbədə futbol klublarına yaşıl işıq yandırılmalıdı. Nəqliyyatda həyatın yavaş-yavaş normala döndüyünü nəzərə lsaq, daha az riskli olan idman qurğularında qadağanın davam etməsi yersizdi. Hətta son günlər koronavirusa yoluxanların sayındakı artım da kimsəni qorxutmamalıdı, vəziyyət nəzarətdədi.

Operativ Qərargah da durumun fərqindədi. Bu səbəbdən mayın 12-də (ola bilsin, hətta bu gün – red.) karantin qaydalarında edilməsi gözlənilən güzəştlərdən idman sahəsi də nəsibini alacaq. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının açıqlamasından da bunu hiss etmək mümkündü: “İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.

Əldə etdiyimiz məlumata görə, idman qurğuları açılsa da, bu, müəyyən şərtlərlə olacaq. Belə ki, ilk mərhələdə 10-12 nəfərik qruplar halında məşqlərə icazə veriləcək. Daha sonra vəziyyətdən asılı olaraq, qadağa birdəfəlik götürülə bilər.

İstənilən halda, qərar verilsə, klublar yavaş-yavaş hazırlıq prosesinə başlaya biləcək. Bu isə mövsümü başa vurmaq üçün ümid verir.

Shares: