“Zirə” və “Sabah” futbolçularına əlavə iki ay üçün maaş ödəməyəcək. Mövsümün avqustun əvvəlinə kimi uzadılması onlara problem yaratmayıb.

Futbolinfo.az xəbər verir ki, “Zirə” futbolçuları koronavirus pandemiyası üzündən mövsümün gedişində yaranan fasilə üzündən klubun əlavə xərcə düşməsini istəməyib. Onlar müqavilənin mövsümün bitiminədək uzadılmasına etiraz etməyib. Əlavə maliyyə tələbi olmadığından hamıyla anlaşma rəsmiləşib.

“Sabah”da isə təşəbbüs futbolçulardan gəlib. Onlar hamısı rəhbərliyə əlavə pul istəmədiklərini bildirib və müqavilələrinin əvvəlki şərtlərlə mövsümün sonunadək uzadılmasına razılaşıb. “Sabah” iyun və iyul ayları üçün xərcə düşməyəcək.

Xatırladaq ki, beynəlxalq futbol təşkilatları mövsümün uzanması üzündən müqavilələrlə bağlı yaranan problemlərin daxildə, ikitərəfli razılıqla həllini tövsiyyə etmişdi. Bəzi klublarımızda bu baxımdan işlər rəvan getmir – futbolçular əlavə ödəniş tələb edir, klub razılıq verəyincə müqavilələr ləğv olunur. “Zirə” və “Sabah” isə istisnadı.

Shares: