Koronavirus pandemiyasına görə martdan etibarən dayandırılan futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi və yeni təqvimi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə A Seriyasının 25-ci turdan təxirə salınmış dörd oyunla bərpa olunacağı diqqətə çatdırılıb. İyunun 20-də “Torino” – “Parma” və “Verona” – “Kalyari” matçları baş tutacaq. Bir gün sonra isə “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” qarşılaşmaları keçiriləcək.
Çempionat 22-24 iyun aralığında keçiriləcək 27-ci turun oyunları ilə davam etdiriləcək. 2019/20 mövsümünün avqustun 2-də keçiriləcək 38-ci turun oyunları ilə başa çatdırılması planlaşdırılır. Bir sözlə, A Seriyasının bu mövsümünün qalan 124 matçı 44 günlük müddətdə keçiriləcək.