“Neftçi” yenə gündəmdədi. Bakılılar futbol təsərrüfatında həyat canlanmamış, hələ bu baxımdan planların cızıldığı gündən hadisələrin mərkəzindədi.
Koronavirus pandemiyasına görə Premyer Liqada yaranan fasilə 3 həftədən sonra bitəcək. Çempionatın bərpası qərarı verilib, klublar hazırlığı bərpa edib. Hazırda heyətlə bağlı problemlər yoluna qoyulur, futbolçularla bitmiş müqavilələr yenilənir.
Mövsümün daha iki ay müddətinə uzadılması yeni problemi ortaya çıxarıb. Azərbaycanda futbol adamları ili 10 aydan hesablamağa öyrəşib, buna görə iyun-iyul ayları adətən xərcsiz başa vurulur. Fors-major səbəbindən yayın çempionatla davam etməsi indi problemlərə səbəb olub. Oyunçular anlaşmaları mayın 31-də bitdiyindən, iyun-iyulda meydana çıxmağa bir o qədər həvəsli deyil.
Yaxşı ki, əksəriyyət indiki durumun kimsənin günahı olmadığını anlayır və əksər klublarda oyunçular daha 2 ayı pulsuz oynamağa qərar verib. Daha doğrusu, evdə oturaraq maaş aldıqları aprel və may aylarının əvəzini iyun və iyulda verməyə razılaşıb.
Təəssüf ki, Donald Gerye və Baqali Dabo kimi futbolçular da var. Onlar son addımları ilə nəinki “Neftçi”yə layiq olmadıqlarını, həm də Azərbaycanda illərdi qazandıqları pulların qarşılığında xəyanətə əl ata biləcəklərini isbatladılar. Söhbət mənəvi, insani dəyərlərə gələndə onların siması bəlli oldu. Gerye artıq aradan çıxıb, Dabo da yol üstədi. Baqali komandanın məşqlərinə qoşulsa da, onun Kipr “Apollon”una yollanması gün söhbətidi.
“Neftçi”ni qınamaq asandı, rəhbərliyi legionerlərə görə suçlamaq da olar. Lakin Azərbaycanda çıxış edən yüzlərlə əcnəbidən yalnız ikisi fors-major üzündən yaranmış problem zamanı belə hərəkət edirsə, deməli, fərdlər qınanmalıdı. Düzdü, onların eyni klubu təmsil etməsi başqa maraqlı məqamdı, amma istənilən halda, uğuru üçün çalışacaqlarına söz verdikləri komandanı dar ayaqda atıb qaçmaq, yalnız özünü düşünmək heç də peşəkar davranış deyil. Onların, xüsusilə artıq azad agentə çevrilən Donaldın hamıdan fərqlənməsi hazırkı situasiyada qəhrəmanlıq nümunəsi deyil.
“Neftçi” sanki legionerlərin bu davranışını pərdələmək üçün dünən 2 futbolçuyla yeni anlaşma haqda xəbər yaydı. Halbuki bəhanə fonuna ehtiyac yox idi, bakılılar onsuz da doğru olanı etdi. Yerli oyunçularla bu yeni anlaşmalar Daboyla Geryeni unutdurmağa hesablanmamalıdı, klub Anton Krivotsyuk və Emin Mahmudovla müqavilə müddətini uzatmaqla sabahı düşündüyünü göstərməliydi/göstərdi. Komandanın vacib oyunçularının hamısını bu cür qorumaq, heyətin onurğa sütununu saxlamaq lazımdı.
Anton 2022-ci ilin yayına kimi “Neftçi”də olacaq, Eminlə üçillik anlaşma isə ona göz dikən klubların həvəsini qursağında qoydu. Və paytaxt klubunun sabahı bu cür milli oyunçularından asılıdı, qalmaqalçı Dabodan, xəyalpərəst Geryedən yox.
Mövsümün statistikası da belə deməyə əsas verir. Mərkəz müdafiəçisi Krivotsyuk 4 qol müəllifidi, hücumlara daha çox qoşulan Gerye isə cəmi 1 dəfə fərqlənib. Dübonun mərmidaşıyıcısı olan Emin də məhsuldarlığı ilə diqqət çəkir. Hücumçu Baqali yarımmüdafiəçi Mahmudovdan cəmi 1 top çox (7:6) vurubsa, kimin 3 illik müqaviləyə daha layiqli olması ilə bağlı müzakirəyə ehtiyac yoxdu.
AĞA