AFFA Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.
O bildirib ki, yeni baş məşqçinin təyinatı avqustda reallaşa bilər: “3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir”.
Məmmədovun “həmin məşqçilər”lə danışıqları bərpa etdiklərini deməsi milliyə yenidən əcnəbi gətiriləcəyinə işarə olmalıdı. Çünki əvvəki namizədlər arasında yerli mütəxəssis yox idi.
Premyer Liqada komanda sayını artırmaq lazım olanda maliyyə problemlərini əsas gətirən AFFA, əcnəbilərə pul xərcləmək şakərindən vaz keçmir. Xaricdən gələn mütəxəssis həm də bəzi məmurların cibinin dolmasına xidmət edir. Buna görə də Canni de Byazi kimi “pulbölən”lə əməkdaşlıqdan vaz keçə bilmirlər, pandemiyayla bağlı vəziyyət qismən normallaşan kimi yenə köhnə dostlarla danışıqlar bərpa edilib.
Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.