AFFA növbəti dəfə bölgə klublarını aldadır. Bu dəfə koronavirus pandemiyası bəhanə gətirilir.

Qurum rəsmiləri ilin əvvəlində növbəti mövsümdən Premyer Liqada 10 komandanın mübarizə aparacağını deyir, daha doğrusu, bu ehtimalı ciddi şəkildə qabardırdılar. Bölgə klubları, əsasən də dünən çempionluğu rəsmiləşən “Turan Tovuz” və “Kəpəz” yeni çempionatda elitada oynamağa həvəsənmişdi. Lakin…

…Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq klubların sayı ilə bağlı maraqlı ifadələr işlətdi: “Kəmiyyətdən çox sabitliyə nail olmaq daha yaxşıdı. Növbəti mövsümü 8 komanda ilə davam etdirməyi daha məqsədəuyğun hesab edirik. Hər halda, bu, mövsümə 10 klubla başlayıb, az komanda ilə bitirməkdən daha yaxşı olar”.

Bununla da AFFA-nın növbəti dəfə yalan danışdığı dəqiqləşdi. Yalançı vədlər unuduldu, boş ümidlər bir səriştəsiz məmurun açıqlaması ilə qaranlığa qərq oldu.

Təbii ki, bu klubların əsas maliyyə mənbəyi SOCAR olacağından AFFA pulsuzluğu bəhanə edəcək, pandemiyadan, neftin ucuzlaşmasından dəm vuracaq. Halbuki Nikola Yurçeviç kimi vecsizin birillik maaşı ilə Premyer Liqada normal səviyyədə mübarizə aparan klub saxlamaq olardı. Millinin yeni gələcək baş məşqçisinə isə təqribən 2-3 milyon avro maaş nəzərdə tutulub. Həmin pulla həm Tovuz, həm də Gəncə təmsilçisi çox yaxşı təmin olunardı.

Əcnəbi məşqçinin milliyə onsuz da heç nə qazandırmayacağını nəzərə alsaq, indiki halda bölgə azarkeşlərini sevindirmək daha məntiqlidi. Yığmanı isə Canni de Byazi üçün nəzərdə tutulan məbləğin 10 faizi müqabilində bir il çalışdıracaq bacarıqlı yerli məşqçi tapmaq çətin deyil. İnanın, nəticə də əcnəbi məşqinin göstəricilərindən daha yaxşı olacaq.

Nə etmək olar ki, Elxan Məmmədova Azərbaycan futbolunda kütləvilik, bölgələr, ümumi inkişaf maraqlı deyil. O və hamiləri ruhunu əcnəbilərə çoxdan təslim edib.

Shares: