Uels milli komandasının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunlarını izləmək üçün əvvəlcədən ödədikləri səyahət xərclərini almaq məqsədi ilə öz hökumətlərindən kömək istəyib.

Futbolinfo.az BBC-yə istinadən xəbər verir ki, minlərlə fanat A qrupunun oyunlarına Bakı və İtaliyanın paytaxtı Romada canlı tamaşa etmək üçün pul ödəyib. Onlardan bəziləri məbləğlərini aviaşirkətlərdən geri almağı bacarsa da, digərləri çətinlik çəkirlər.

Uels hökuməti vəziyyətin görünməmiş hadisə olduğunu bildirib. Hökumət nümayəndəsi məsələ ilə bağlı açıqlama verib: “Ümid edirik ki, bütün səyahətçilər, o cümlədən Uelsin AÇ-2020-də oynayacağını gözləyənlər geri ödəmələri ala biləcəklər”.

Ferndeyldə yaşayan Anharad Uoltersin ailəsi turnir öncəsi səyahətə 2 500 funt sterlinq xərcləyib. Valideynlər 16 yaşlı övladları Luini Bakıya gətirməyi, bundan sonra isə birlikdə Romaya getməyi planlaşdırıb. Uçuşlar ləğv edilib və Uolters ödəmələri uzun müddət ala bilməyəcəyini düşündüyünü söyləyib. Azarkeş məsələ ilə bağlı stres keçirdiklərini deyib: “Heç kim hər hansı addımı atmadı, “Köməyə ehtiyacı olanlarla əlaqə saxlayacağıq” demədilər. Çünki orada texnologiya ilə bağlı fərasəti olmayan insanlar var”.

Bleynada yaşayan və kimya mühəndisi olan Ris Uilyams dostu Blenau Qventlə birlikdə Bakıda Türkiyə və İsveçrə ilə qarşılaşamaları izləmək istəyib. Hər biri uçuşlar üçün 600 funt sterlinq ödəyib. Uilyams yanvarda təqvim açıqlanan kimi uçuşları və oteli sifariş etdiyini bildirib: “Xərcləri azaltmaq məqsədilə Bakıya getmək üçün bir qədər az maliyyətli uçuş marşrutu götürdük. Beləliklə, həftə ərzində geri dönüş üçün üç fərqli reys rezervasiya etdik. 11 iyundakı səyahətimiz hələ də plandadır və Qatvik hava limanından yola düşməli idik. Ancaq hökumətin qaydalarına görə oraya getsəm, cərimələnə bilərəm”.

Uilyams AÇ-2020-nin bu il olmayacağını hamının bildiyini deyib: “Bizə lazım olan şey insanlara fərqli aviaşirkətlərlə qarşılaşdıqları problemləri həll etməkdə köməklik göstərməkdir. Hökumətin qanun baxımından başqa yerlərdəki nazirlərlə və aviaşirkətlərlə danışmaq imkanı var. Hamınız millinin arxasında durmaq istəyirik və komandamızın yaxşı olduğunu görmək niyyətindəyik. Düşünürəm ki, azarkeşlərə də qayğı göstərmək lazımdır”.

AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Shares: