O, bunu ötən mövsüm də etmişdi. Təhvil aldığı çox pis komplektləşmiş, amma kifayət qədər bahalı heyət Premyer Liqanı conuncu pillədə tamamlamışdı. Bu səbəbdən tapşırıqla gələn, hansısa səbəbdən heyətə pərçim olunmuş futbolçular mövsüm bitincə yola salınmışdı.

Tərlan Əhmədov yanılmadı. Kamran Ağayev, Vaqif Cavadov kimi milli veteranlarından imtina etmək risk idi, lakin zaman “Keşlə”nin baş məşqçisinin haqlı olduğunu aşkara çıxardı. Onlar nəinki başqa komandaya, ümumiyyətlə, futbola lazım olmadılar, özləri karyeralarını başıuca bitirə bilməyincə “gərəksiz” sayıldılar.

Əhmədov o zaman 13 futbolçuya qapını göstərmişdi. Edvinas Girdvainis, Denis Silva Kruz, Jonatan Ayite, Andre Klennon, Valeri Kutsenko, Angelo Pena, Nikola Mitroviç kimi əcnəbiləri indi ölkəmizdə xatırlayan da yoxdu. Davud Kərimi və Fuad Bayramov başqa klublara lazım olmadı, Ruslan Nəsirli Gürcüstanın ən zəif kollektivlərinin birindədi, Amil Yunanov “Sumqayıt”da əsas heyət oyunçusu olmağı bacarmadı, Seymur Əsədov isə səhvlərini təkrarlamamaq şərtilə “Keşlə”yə qaytarılıb.

Zaman Tərlan bəyin imtina qərarlarında haqlı olduğunu göstərdi, komanda son mövsümdə bürünc medal qazandı, avrokuboka vəsiqə əldə etdi. Deməli, yenilər əvvəlkilərdən daha yaxşı imiş. Baxmayaraq ki, ötən il qovulanlar arasında Əhmədovun vaxtında komandaya gətirilən 1-2 əcnəbi də var idi. Onların necə gəldiyi başqa söhbətin mövzusudu.

“Keşlə” yenə qabıq dəyişir. Artıq 8 oyunçu ilə yollar ayrılıb. Tərlan bəy lazımsız bildiklərini daha yaxşılarla əvəzləyirsə, deməli, həm avrokubokda, həm də yeni mövsümdə daha böyük hədəfləri düşünür. Heyəti komplektləşdirməyə hamıdan erkən başlayan və uğurlu davam etdirən bakılıların indiyəqədərki bütün addımları bundan xəbər verir.

Dünən bəlli oldu ki, paytaxt təmsilçisi Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələri yeniləməyib. Legionerlərlə bağlı durum fərqlidi. Frutos bir ara qolları sıralasa da, onda sabitlik çatmırdı və yəqin ki, onu daha sanballı hücumçu əvəz edəcək. Ötən mövsüm bir neçə kritik səhvlə yadda qalan Flores isə Şəhriyar Əliyevin gəlişindən sonra lazımsız bilinir. Limit üzündən əsas heyətə düşməyəcəyi aydın olan birini saxlamaqdansa, Tərlan bəy daha yaxşı legioner hücumçu axtarmaq fikrinə düşüb.

Əfran İsmayılov yəqin ki, özünə yeni klub tapa bilməyəcək – həm yaş sözünü deyir, həm də tənbəlliklə böyük pullar qazanmaq zamanı gedib. Murad Ağayevin “Keşlə”yə gəlməsinin tarixçəsi də bəllidi. Xahiş-minnətlə komandaya gətirilən futbolçuya baş məşqçi əsas heyətdə şans vermədi və o da gününü əvəzedicilərdə keçirdi, indi isə hətta burada da gərəksizdi. Yalnız Tural Bayramlının gedişi sual doğurur. Ötən mövsüm limit oyunçusu olduğu üçün daim heyətdə yer alan birinin ayrılıq səbəbini klub açıqlamalıdı. Tərlan bəy daim şans verdiyi birindən heç nədən imtina etməz. Ya maliyyə məsələləri, ya da…

“Keşlə” daha öncə Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli ilə yeni müqavilə bağlamamışdı. Bu futbolçulardan da yalnız Slaviki ciddi itki saymaq olar ki, kapitan daha çox qazanmaq arzusu ilə klubunu dəyişdi.

Əsas heyətin vacib oyunçularını saxlamağa çalışan “Keşlə” Vüsal İsgəndərli, Ruslan Əmircanov (yalnız bu oyunçunun adını siyahıda olması təəccüblüdü – müəl.), Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Rəşad Əzizli, İlkin Qırtımov və Miyusko Boyoviçlə müqavilə müddətini artırıb, Tural Axundov və Şəhriyar Əliyev isə komandaya transfer olunub. Stanislav Namaşko və Sezar Meza Kolli ilə danışıqların gedişində problem yoxdu, “Sabah”dan Cavid İmamverdiyevin, “Zirə”dən Tellur Mütəllimovun gətirilməsi gündəmdədi. Bu transferlər bitən kimi ön xəttə gətiriləcək yeni legionerlərin adını biləcəyik. Amma…

…əmin ola bilərsiz ki, “Keşlə”nin yola saldığı futbolçuların əksəriyyətini yeni mövsümdə hansısa klubumuzda görməyəcəksiz. Əhmədov təmizləmə əməliyyatında pis görünmür, ümid edək nəticələrdə də irəliləyiş davam edəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp