Aftandil Hacıyev yeni mövsümə də “Səbail”n baş məşqçisi postunda başlamaq niyyətindədi. Klubla bağlı suallara aydılıq gəlməsə də, o, fikrini “dənizçilər”ə yönəldib.
Zaur Həşimovun boşaltdığı “Zirə”nin baş məşqçi postuna keçmək ehtimalı olduğu deyilən gənc mütəxəssis hər hansı təklif almayıb: “Mənə heç kim təklif göndərməyib. Deyilənlər yalnız şaiyədi. “Səbail”də vəziyyətin aydınlaşmasını gözləyirəm, sabitliyə üstünlük verirəm. Müqaviləsi bitən oyunçularımız narahatdı, klub rəhbərliyinin büdcəylə, hədəflərlə bağlı nə qərar verəcəyi önəmlidi və bunun tez bir zamanda dəqiqləşəcəyinə ümid edirik”.
“Zirə” kimi “Sabah” da baş məşqçi axtarır. Bu klub isə “qartallar”dan fərqli olaraq, baş məşqçi postunu əcnəbiyə tapşırmaq niyyətindədi. Jelko Şopiçin xələfi olmağa bir neçə namizəd var və danışıqlar aparılır. Klub rəhbərliyi ən uyğun variantı axtarır və bu dəfə səhv etməməyə çalışır. Qısa zamanda həddindən çox məşqçi dəyişən “Sabah” bu dəfə onları hədəfə apara biləcək birini seçməlidi. Arzulanan legioner məşqçini tapmaq mümkün olmasa, klub Şopiçin köməkçisi olmuş PRO kateqoriyalı Rami Quliyevin debütünə şərait yaradacaq.