AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb. Qurumun saytının verdiyi xəbərə görə, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.
Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub. AFFA rəhbərliyi Lippertə gələcək karyerasında uğurlar arzulayıb.
Əslində, bu vida çoxdan reallaşmalıydı. Fəaliyyəti tamamilə səmərəsiz olan alman mütəxəssis ölkəmizdə 10 ildən çox çalışdı. Bu müddətdə Lippertin adıyla bağlı olan hansısa uğurlu layihədən danışa bilmərik.
Əsl maraqlı olan isə Lippertin səlahiyyətlərinin müavini Yunis Hüseynova deyil, başqa sahəyə rəhbərlik edən Həsənzadəyə tapşırılmasıdı. Yəqin Yunis bəy heç olmasa indi anlayar ki, onu bu vəzifəyə bacarığına görə yox, susdurmaq üçün təyin ediblər.