Əzələ nümayişi təkcə idmanda məharətini göstərmək üçün deyilmiş. Sən demə, qolunun gücünə arxayın olanlar bundan adi həyatda da istifadə edir.
Nizami rayonunda yaşayan vətəndaş, ona məxsus qarajın özünü Qol Güləşi Federasiyasının rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov tərəfindən zəbt edilməsi haqda KİV-ə müraciət ünvanlayıb. Ərazisi zəbt olunan Yasər Ağayevin müraciətində deyilir:
“Yazıb sizə bildirmək istəyirəm ki, mən özünü Azərbaycan Respublikası Qol Güləşi Federasiyasının rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov adlı şəxs tərəfindən çox ciddi qanunsuzluqlarla üzləşmişəm və yaranmış vəziyyətdən çıxış üçün məcburən sizlərə müraciət edirəm.
Uzun müddətdir ki, Cəsarət Əhmədov Nizami rayonu ərazisində yerləşən parklanma üçün ayrılmış ərazini ümumi olaraq aldığını iddia edərək müəyyən tikinti işləri aparmaqdadır. Ərazi daxilində yerləşən, texniki pasportu və digər sənədləri olan, mənə məxsus qarajı illərdi anbar kimi illərdir istifadə edirəm. Cəsarət adlı şəxs öz səlahiyyətlərindən sui-istifadə edərək həmin hasarlanmış parklanma ərazisinin giriş qapısının kilidini dəyişərək daxildə mənə məxsus sənədlər olan mülkiyyətimə giriş etməyə icazə vermir. Hər dəfəsində müraciət etməyimizə baxmayaraq, ərazinin ona aid olduğunu, mənə məxsus qarajın da söküləcəyini hədə-qorxu ilə bildirir və mənim şikayət edəcəyimi bildirdiyimdə isə heç bir şəxsdən çəkinmədiyini qeyd edir. Hazırda məhkəmələrdə yaranmış pandemiya ilə əlaqədar fəaliyyətin dayandırıldığını nəzərə alaraq sizə ünvanlamış olduğum bu məktubuma qısa müddətdə baxılmasını çox xahiş edirəm.
Hər keçən dəqiqə hədə-qorxular, mülkiyyətimin söküləcəyi xəbərdarlıqları məni çox narahat etməkdədir. İstəyim isə sadəcə, mülkiyyətimə giriş icazəsinin verilməsidir”.
Xatırladaq ki, Cəsarət Əhmədov həm də Avropa Armrestlinq federasiyasının vitse-prezidentidi. Mövzuyla bağlı onun da fikirlərini işıqlandırmağa hazırıq.
<
Qol Güləşi Federasiyasının Cəsarəti: vətəndaşı niyə incidirlər?
Shares: