Xeyli oyunçusunu itirən “Səbail” çətin durumdadı. Baş məşqçi Aftandil Hacıyev yeni mövsüm üçün heyət qurmaqda çətinlik çəkir.

Fəhmin Muradbəyli məxsus olduğu “Neftçi”yə qayıdıbsa, Şəhriyar Rəhimov “Zirə”yə keçib. Eltun Yaqublu da karyerasını erkən bitirərək “qartallar”ın məşqçilər korpusuna qatılıb. Maykl Essyenlə vida gözlənilən idisə, Eriko da Silvanın gedişi daha çox maliyyə məsələləri ilə bağlıdı – braziliyalının göndərilməsi barədə bu gün rəsmi açıqlama veriləcək. Daha bir neçə əcnəbinin və yerli futbolçunun gedişi mümkündü.

Klub rəhbərliyi hazırda müqaviləsi bitən yerli oyunçuları saxlamağa çalışır. Rahid Əmirquliyev, Rauf Əliyev kimi təcrübəlilərin qalacağı dəqiqləşib, amma digər oyunçuların bəziləriylə danışıqlar davam edir. İcarə müqaviləsi bitdiyi üçün “Qarabağ”a qayıdan Ruslan Hacıyevin yeni mövsümə harada başlayacağı hələ bəlli deyil.

Yalnız Məqsəd İsayevi heyətinə qatmış Bayıl təmsilçisindəki qeyri-müəyyənliyin səbəbi maliyyədi. Klubun büdcəsi kifayət qədər azaldılıb. Bu səbəbdən hətta heyətdəki futbolçuları saxlamaq da problemə çevrilib. Həftə ərzində əksər suallara cavab veriləcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp