“Zirə” dən ayrılan Cavid Hüseynov klub axtarışındadı. Yüksəködənişli yarımmüdafiəçini heyətinə qatmaq istəyən iki klub var, lakin o, maliyyə baxımından güzəştə getməsə, yəqin ki, Premyer Liqa karyerası davam etməyəcək.

Türkiyənin aşağı dəstə komandalarıyla da danışıq aparan Cavidin vaxtilə kapitanı olduğu “Qəbələ”yə dönmək ehtimalı var. Amma maliyyə böhranı yaşayan əyalət klubu ilə danışıqlar uğurlu getmir. Hüseynov həm də “Keşlə”dən cavab gözləyir. Sezar Meza Kollini heyətində saxlamaqda çətinlik çəkən bakılılar ehtiyat variant kimi Cavidi düşərgədə görmək istəyir.

Rumıniya “Krayova”sına məxsus paraqvaylının maddi tələbləri çox yüksəkdi və “Keşlə” Sezarı razı sala bilmir. Bu üzdən Cavidə maraq yaranıb. Gəl ki, Hüseynovun maaş istəyi də klubun büdcəsinə uyğun gəlmir. Avropa Liqasının startına kimi heyəti komplektləşdirmək istəyən “Keşlə”bu həftə qərarını verəcək – ya Meza Kolli, ya da Hüseynov.

“Qəbələ” də yarımmüdafiəçini israrla istəyir. Lider futbolçu axtaran əyalət təmsilçisi Hüseynovun güzəştə gedəcəyinə ümidlidi. Ötən mövsüm “Zirə”də 220 min manata oynamış Cavid indi ən yaxşı halda bu məbləğin yarısına ümid edə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp