“Qəbələ” maliyyə problemlərini yoluna qoymaq üzrədi. Sponsorlar kluba əvvəlki kimi diqqət ayıra bilmir, əvəzində AFFA-yla aparılan danışıqlar müsbət nəticə verib.

Futbolinfo.az xəbər verir ki, eyni zamanda futbol qurumuna da rəhbərlik edən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin göstərişi ilə yeganə bölgə klubumuza maddi dəstək veriləcək. Minimum 1 milyon dollar vəsaitin “Qəbələ”nin hesabına köçürüləcəyi dəqiqdi.

“Qarabağ” və “Zirə” istisna olmaqla, bütün Premyer Liqa təmsilçilərinə hansısa formada maddi dəstək verən neft şirkəti uşaq futbolunda böyük uğurlar əldə edən, bölgədə əla infrastruktur quran “Qəbələ”ni görməzdən gələ bilməzdi. Çoxsaylı müraciətlərdən, danışıqlardan sonra nəhayət, bu yardım reallaşıb. Amma digərlərindən fərqli olaraq, AFFA “Qəbələ”yə öz adamını yerləşdirə bilməyəcək. Klub birmənalı şəkildə idarəçiliyə müdaxiləyə qarşı çıxıb və istəyinə nail olub.

Artıq “Qəbələ” transfer planlarını, hazırlığını bu büdcəyə uyğun qurur. AFFA-nın maliyyə yardımı dəqiqləşdikdən sonra heyətin müəyyənləşdirilməsi istiqamətində işlər başlayıb. Anar Nəzirov, Sadiq Quliyev, Rasim Ramaldanov və Asif Məmmədovla yeni müqavilə bağlanıb, digər yerli oyunçularla danışıqlar da müsbət yekunlaşmaq üzrədi.

Legionerlərdən Rodriqo Qattas və Merab Giqaurini son anda düşərgədə saxlamağa nail olan əyalət təmsilçisi hazırda Nikolas Raysel və Fernan Lopez Ferreyra ilə razılaşmağa cəhd edir. Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini “Sabah”a, Klesio Bauku “Zirə”yə buraxmağa məcbur olan klub digər yerliləri qorumaqda israrlıdı, əcnəbilərlə isə danışıqlar davam edir.

Adı klubla yanaşı hallanan Rail Məlikovun transfer xəbərini “Qəbələ” tərəfi təkzib edir, Cavid Hüseynovla bağlı məsələ isə hələlik açıq qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp