Premyer Liqa iştirakçılarının yeni mövsümə hazırlığı səssiz keçir. Qəbələyə toplaşan klublarla bağlı xəbər öyrənmək ən əziyyətli işdi.

Məsələ ondadı ki, hətta avrokubokda çıxış edəcək klublarla bağlı da bilgi almaq çətinləşib. Yay fasiləsinin ilk sınaq matçı olan “Qarabağ” – “Keşlə” (3:1) görüşünün protokolu, videogörüntüləri, hətta fotoları gizli saxlandı. Ümumiyyətlə, heç bir klubumuzun məşqindən şəkillərə, hansısa açıqlamalara, xəbərlərə hətta klub saytlarında rast gəlmirik. Jurnalistlər də bütün klublarımızın toplaşdığı Qəbələyə – klubların düşərgəsinə buraxılmır.

Bütün bunlar səbəbsiz deyil. Nazirlər Kabineti yanında Operativ Qərargah klublara sərt karantin rejiminin tətbiq edilmədiyi rayonlarda hazırlaşmaq üçün şifahi razılıq verib. Amma şərt qoyulub ki, hazırlıq mətbuatda işıqlandırılmasın. Hətta klubların mətbuat xidmətləri də toplanışa aparılmayıb.

İcazə verilən prosesin ictimaiyyətdən gizlədilməsi qəribə olsa da, reallıqdı. Burası Azərbaycan!

Xatırladaq ki, 8 Premyer Liqa klubundan 6-sı Qəbələdə hazırlıq keçir. “Səbail” sabah bu şəhərə yollanacaqsa, Şamaxıda məskunlaşan “Keşlə” də bu gün rəqiblərinin yanında məskunlaşmaq üçün yola çıxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp