“Keşlə” yeni mövsümə və avrokuboklara hazırlığını Şamaxıda davam etdirmək qərarına gəlib. Buradakı Olimpiya İdman Kompleksində məskunlaşan paytaxt təmsilçisinin futbolçularının meydançanın süni qazonundan məmnun olmadığı və toplanış yerini dəyişəcəyi deyilsə də, əslində, durum fərqli imiş.

Futbolinfo.az saytına açıqlama verən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov, planlaşdırıldığı kimi, iyulun 24-dək Şamaxıda qalacağlarını söyləyib: “Şamaxı İdman Olimpiya Kompleksində heç bir problem yoxdu, hər cür şərait var. Bütün futbolçular həvəslə məşq edir, heç bir narazılıq yoxdu. Yayılan xəbərlər həqiqəti əks etdirmir, komandanın uğurunu istəməyənlərin dezinformasiyasıdı. Burada hər şey yaxşıdı. Yeni mövsümə, avrokuboklara ciddi şəkildə hazırlaşırıq. Planlaşdırığımız kimi, ayın 24-ə kimi Şamaxıda qalıb, məşqləri davam etdirəcəyik”.

Komandanın hazırlığın ikinci mərhələsini harada keçirəcəyi isə dəqiqləşməyib. Ola bilsin, “Keşlə” iyulun 24-dən sonra Qəbələyə üz tutdu.

Yeri gəlmişkən, Əhmədov yeni oyunçu axtarışları ilə bağlı açıqlama vermək istəmədi. O, bu istiqamətdə işlərin getdiyini bildirməklə kifayətləndi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp