“Zirə” Azərbaycan çempionatında iştirakdan imtina edir. Klubun əvəzedici heyəti I divizion yarışlarına qatılmayacaq.

Ötən mövsümdən əvəzedicilərin yarışı ləğv edilib və Premyer Liqa klublarının ikinci komandaları divizionda mübarizə aparır. Yalnız “Qəbələ” AFFA-nın müəyyənləşdirdiyi 100 min manatlıq cəriməni gözə alaraq, çıxışdan boyun qaçırıb.

İndi isə “Zirə” eyni addımı atır. Keçən çempionatda da bu fikrə düşən, yalnız son anda yarışa qatılmağa razılıq verən qəsəbə təmsilçisi “Qəbələ”nin yoluyla gedəcək. Büdcənin azalması üzündən yersiz xərclərdən qaçmaq, faydasız, formal yarışa görə əlavə pul itirməmək üçün bu qərarı verən “Zirə” həm də futbolçu çatışmazlığına görə belə addım atır. Bu komandaya cəlb olunan futbolçuların bir qismi əsas komandaya, qalanları isə U-19-a cəlb olunacaq.

Xatırladaq ki, divizionda iştiraka görə klublara AFFA tərəfindən 50 min manat ödənilirdi, imtina isə 100 min manatlıq cəriməyə səbəb olur. Amma ötən mövsüm “Qəbələ”yə bu sanksiyanı tətbiq etməyə cəsarət etməyən futbol qurumunun “Zirə”yə də fərqli davranmayacağı aydındı. Hələlik rəsmi qərar verilməyib, lakin reallaşacağı dəqiqdi.

Klubların diviziondan qaçmasının bir səbəbi yarışın perspektivsizliyidisə (əvəzedicilər burada müsabiqədənkənar iştirak edir – red.), əsas məsələ qumar yuvasına çevrilmiş yarışa bulaşmamaqdı. “Zirə” futbolçularını, klub imicini qorumaq üçün “bazar”dan kənar qalmağı məsləhət bilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp