“Keşlə” Şamaxı toplanışını başa vuraraq Bakıya dönüb. Son çempionatın bürünc mükafatçısı ikigünlük istirahətdən sonra bu dəfə Qəbələyə yola düşəcək.

Yeni mövsümə, həmçinin Avropa Liqasına hazırlığın ilk mərhələsində əsasən fiziki hazırlığı önəm verən paytaxt klubu, toplanışın ikinci hissəsində ardıcıl 3 sınaq matçı keçirəcək. İyulun 27-də başlayan və avqustun 5-dək davam etməsi nəzərdə tutulan hazırlıqda ilk oyun “Zirə”yə qarşı olacaq. Avqustun ilk günü “qartallar”la üz-üzə gələcək Tərlan Əhmədovun yetirmələri 3-də “Səbail”, 5-də “Qarabağ”la qüvvəsini sınayacaq. Ağdamlılarla ötən həftə üz-üzəgələn “Keşlə”nin 1:3 hesabıyla yenildiyini də xatırladaq.

Bu arada “Keşlə” transfer bazarında fəallığını azaldıb. Ehtiyat qapıçı, cinah müdafiəçisi və mümkün olarsa, daha bir hücumçu almağı planlaşdıran bakılılar hələlik axtardığını tapmayıb. Rumıniya klubuna məxsus olan Sezar Meza Kollinin icarədə olduğu “Keşlə”yə dönüşü də yubanır. “Krayova” ilə birdəfəlik vidalaşmaq niyyətində olan paraqvaylı bu dəfə azad agent kimi qayıtmaq istədiyindən dönüşü yubanır. Onun hazırlığın ilk mərhələsindən kənar qalması gələcək matçlarda problemə səbəb ola bilər.

Shares: