“Sumqayıt” ötənmövsümkü heyətini qoruya bilməyəcək. Komandaya Avropa Liqasına vəsiqə qazandıran aparıcı oyunçuların əsas hissəsi ilə yeni anlaşma imzalamaq mümkün olmayıb.

Şəhriyar Əliyevi “Keşlə”yə, Aleksey İsayevi “Sabah”a, Sərtan Taşkını “Zirə”yə, icarəsi bitən Elvin Cəfərquliyevi məxsus olduğu “Qarabağ”a buraxan “kimyaçılar” Mehdi Şərifi ilə də vidalaşıb. Yalnız Mehdi Cənnətov, Vüqar Mustafayev, Vurğun Hüseynov, Elvin Bədəlov və Rəhim Sadıxovla yeni anlaşmaya nail olan klub “Zirə”nin ehtiyac duymadığı Tellur Mütəllimov və Elvin Məmmədovu sıralarına qata bilib.

Avropa Liqasında ilk oyuna cəmi bir ay qalıb, heyətin bu qədər zəifləməsi xoş əlamət deyil. Xaricdə azərbaycan əsilli oyunçular axtaran, eyni zamanda əvəzedici heyət üzvlərinə şans vrmək istəyən “Sumqayıt”ı yaxşı gələcək gözləmir. Komandanın ötən mövsümlə müqayisədə xeyli zəifləyəcəyini indidən təxmin etmək olar. Yəqin ki, avrokubokda da vəziyyət yaxşı olmayacaq.

Futbolçuların “kimyaçılar”dan qaçması əsasən maliyyə məsələləri ilə əlaqədardı. Rəhbərlik onların artan tələblərini qarşılaya bilmir, daha yaxşı təklif alanlar düşünmədən qərarını verir. Sponsorların maaşları 2 aydı yubatması da rəhbərliyə olan inamı sarsıdıb. Elə komandanın lideri Əmir Ağayevin yeni müqaviləyə imza atmaması bununla bağlıdı. Peyman Babayinin “Maşinsazi”dən növbəti dəfə icarəyə götürülməsinin düyünə düşməsinin də başqa səbəbi yoxdu.

Qəbələdə toplanışda olan “Sumqayıt”ın ilk hazırlıqlarını buraxan Cəmaləddin Xocaniyazovu son anda razı salmaq mümkün olub. Müdafiəçi tezliklə komandaya qoşulacaq. Lakin onun da dərdə dərman olması çətin görünür. Çünki əsas problem orta xəttdə və hücumdadı – bu mövqelərə oyunçu transferi isə yubanır.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp