“Sabah”ın baş məşqçisi Visente Qomesin müsahibəsi…

– Bir müddətdi Qəbələdə təlim-məşq toplanışındasız. Bu şərtlər altında hazırlıq necə gedir?
– Əlbəttə, yeni ideyalar aşılamaq istəyəndə keçilməsi lazım olan normal bir prosesdən keçirik. Hər birimizə yeniliklərə alışmaq bir az çətinlik yaradır. Aydındı ki, vəziyyət ideal deyil, ancaq bu situasiyada əlimzidən gələnin ən yaxşısını etməyə çalışırıq.

– Komandanız yoxlama oyunu keçirib və hər ikisində qələbə qazanıb. Bəs istədiyiniz oyunu görə bilirsizmi?
– Hələ ki, istədiyim oyunun çox az bir hissəsini görmüşəm. Amma bəzi önəmli detallar var ki, onların qəbul edilməsi və aşılanması üçün müəyyən proseslərdən keçmək lazımdır. Vaxt keçdikcə daha da yaxşı olacağıq. Komandanın zamanla daha da inkişaf edəcəyinə heç bir şübhəm yoxdu. Futbolçularda bu istək, arzu görünür.

– “Sabah”a bir müddət əvvəl baş məşqçi təyin olunduz. Gəlişiniz necə alındı, burda nə sizə nə cəlbedici gəldi?
– Düşünürəm ki, bu, mənim üçün büyük fürsətdi. Təklif gəldikdən sonra klub prezidenti Maqsud Adıgözəlov və icraçı direktor Ramin Həsənovla danışdım. Onların futbola baxışları, komandada görmək istədikləri oyun tərzi, oyun üslubu mənim düşüncələrimlə üst-üstə düşdüyü üçün burda işləməyə razılaşdım və bu qərarımdan məmnunam.

– Növbəti mövsüm üçün qarşınıza qoyulan hədəf nədi?
– Mənim başlıca məqsədim klub rəhbərliyi ilə birlikdə elə bir mühit yaratmaqdı ki, o mühitdə məşqçiler/oyunçular/klubun fərqli departamentləri daha da inkişaf etsin. İnanıram ki, bununla komandanın səviyyəsi daha da yaxşılaşacaq və bundan sonra turnir cədvəlində avrokuboklara vəsiqə qazandıran yerlər uğrunda mübarizə aparacağıq.

– Ölkə çempionatının durumu, səviyyəsi barədə yəqin ki, artıq məlumatlısız. Hazırkı “Sabah”la çempionatda neçənci olmaq mümkündü?
– Bunu demək üçün hələ ki, çox tezdi. Hazırda nə biz, nə də digər komandalar optimal formadadı. Hal-hazırda müxtəlif variantları sınaqdan keçiririk. Əlbəttə, Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparmaq istərdik. Amma bunun nə dərəcədə mümkün olacağını zaman və nəticələr deyəcək.

– “Sabah” heyətinə görə ölkədə güclülərdən hesab olunur. Ancaq ötən iki mövsümdə nəticələr o qədər də ürəkaçan olmayıb. Sizcə bunun səbəbi nədi və daha yaxşı nəticələr üçün nələri dəyişilmək lazımdı?
– Mən sadəcə onu deyə bilərəm ki, hazırda bizimlə bərabər olan oyunçulardan istifadə edərək, özünəməxsus oyun dəsti-xətti, tərzi olan bir komanda qurmaq istəyirik. Bunlara nail olduqdan sonra yaxşı nəticələr əldə etməyə çalışacağıq.

– Bəs yeni transferlər? Komandada hansı mövqeləri gücləndirilmək lazımdı?
– Demək olar ki, komanda tam komplektləşib. Əgər hər hansı bir problemimiz olsa, buna uyğun qərar verəcəyik.

– “Sabah” sizdən öncəki baş məşqçinin zamanında daha çox atletik futbola üstünlük verirdi. İspan məşqçilərin futbol baxışı isə adətən fərqli olur. Sizdən oyun anlayışı ilə bağlı dəyişiklik gözləyəkmi?
– Keçmiş məşqçi barəsində nə isə deyə bilmərəm. Ümid edirəm ki, hər kəs “Sabah”da özünəməxsus bir oyun tərzi görəcək. Həm fiziki, həm də mental cəhətdən yüksək intensivliyə söykənən bir oyun.Hücumda və müdafiədə dinamik olan bir komanda. (futbolpress)

Shares: