UEFA avrokubokların 2020/21 mövsümünun təsnifat mərhələləri ilə bağlı yeni qaydaları açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, qaydalarda koronavirus pandemiyasının yarada biləcəyi problemlərlə bağlı qərarların necə veriləcəyi göstərilib.

Azərbaycanı növbəti mövsüm Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” təmsil edəcək. Çempionlar Liqasında pley-offa, Avropa Liqasında isə qrup mərhələsinə qədər bütün duellərin qalibi tək matçda müəyyənləşəcək. Ev sahibi komanda püşk nəticəsində məlum olacaq.

Son qərarlara görə, ölkədə açıq havada idman yarışları da daxil olmaqla bütün kütləvi idman tədbirləri qadağandı. Bəs püşk klublarımızı ev sahibi edərsə, necə olacaq? UEFA-nın bununla bağlı qaydaları belədi:

– Hər püşkdən əvvəl UEFA ölkələr arasında bütün səyahət məhdudiyyətlərinin, eyni zamanda ölkələrdə tətbiq edilən karantin qaydalarının siyahısını dərc edəcək. Klublar yerli federasiya ilə birgə püşkdən iki gün əvvəl məhdudiyyətləri UEFA-ya bildirməlidilər. Əgər klublar heç nə təqdim etməzsə, UEFA öz hazırladığını son siyahı kimi qəbul edəcək.

– Klub matçı öz meydanında keçirə bilməyəcəksə və bununla bağlı püşkə iki gün qalmış gecə yarısına qədər UEFA-nı məlumatlandırmazsa, həmin kluba 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

– Qaydalara görə, klublar rəqiblərini öz meydanında qəbul etməlidi. Əgər bununla bağlı məhdudiyyətlər varsa, ev sahibi klub oyuna müdaxilə edəcək hər hansı məhdudiyyət olmaması şərtilə başqa bir ölkədə matç üçün stadion təşkil etməlidi. Əgər bu baş verməzsə, ev sahibi kluba texniki məğlubiyyət veriləcək – 0:3.

– Ölkə rəhbərlikləri matçın oynanacağı yerin təsdiqlənməsindən sonra yeni məhdudiyyətlər tətbiq edərsə, bu nəzərə alınmayacaq. Bu səbəblə oyunu göstərilən arenada oynamaq mümkün deyilsə, meydan sahibinə 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Hər iki klub meydana çıxmaqdan imtina edərsə, matç baş tutmayacaq və hər ikisi diskvalifikasiya olunacaq.

Qitə futbol qurumu komanda üzvlərinin və ya klub əməkdaşlarının koronavirus testi müsbət çıxacağı təqdirdə hansı qərarların veriləcəyini açıqlayıb. UEFA ciddi maneə yoxdusa, matçların planlaşdırılan tarixlərdə keçirilməsinin tərəfdarıdı. Bundan başqa, klublarımızın ilk oyunları üçün son tarixlər də bəllidi:

– Əgər bir komandanın bir neçə futbolçusunun və ya klub rəsmisinin testi pozitiv çıxarsa, hər iki klubun məxsus olduğu, yaxud matçın keçiriləcəyi ölkənin (neytral meydan olarsa – red.) hökuməti böyük bir qrupun, ya da bütün komandanın karantinə alınması barədə qərar qəbul etməzsə, matç planlanan tarixdə keçirilməlidi.

– Biri qapıçı olmaqla 13 futbolçunun testi neqativ çıxarsa, qarşılaşma planlaşdırılan tarixdə keçirilməlidi. Əgər testi neqativ çıxanların sayı 13-dən az olarsa və ya qapıçı olmazsa, UEFA matçı təxirə sala bilər.

– Alternativ olaraq, klub daha əvvəl UEFA-da qeydiyyatdan keçirmədiyi, ancaq yerli assosiyasiyalarda klubun futbolçusu kimi qeydiyyata alınan və testi neqativ çıxan futbolçuları heyətə daxil edə bilər.

– Matçın bunun üçün ayrılan müddət ərzində yenidən planlaşdırılması mümkün deyilsə, oynamayan kluba texniki məğlubiyyət veriləcək – 0:3.

– Hakimlər briqadasının hər hansı üzvünün testi müsbət çıxarsa, UEFA istisna hal kimi klublarla eyni ölkədən hakim təyin edə bilər.
– Çempionlar Liqasında I təsnifat mərhələsinin görüşləri ən gec avqustun 21-də keçirilməlidi.

– Avropa Liqasında I təsnifat mərhələsinin matçları ən gec sentyabrın 12-də baş tutmalıdı.

– Hər hansı səbəbdən təsnifat mərhələləri və ya pley-offu başa vurmaq mümkün olmasa, UEFA İcraiyyə Komitəsi hansı klubların qrup mərhələsinə uyğun olduğu prinsiplərini müəyyənləşdirmək hüququna malikdi.

Hazırda planlanan tarixlərə əsasən “Qarabağ” Çempionlar Liqasında ilk oyununa avqustun 18-19-da çıxacaq. Avropa Liqası təmsilçilərimiz isə 27 avqustda oynamalıdı (futbolpress.az).

Shares: