Qəbələyə təlim-məşq toplanışına yollanan Azərbaycan Premyer Liqa təmsilçiləri hazırlıqlarını başa çatıb. “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə” “Sabah”, “Səbail” Bakıya, “Sumqayıt” isə eyniadlı şəhərə qayıdıb.
Yalnız “Qəbələ” hazırda doğma məkanda hazırlıqlarını davam etdirir. Bu komandanın da yeni həftədən etibarən paytaxta gəlişi gözlənilir.
Bakı və Sumqayıtda sərt karantin rejimi səbəbindən klublar Qəbələyə təlim-məşq toplanışına yollanmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçilərimiz də daxil olmaqla klubların hazırlarını öz meydanlarında keçirəcəyi gözlənilir.
Əldə etdiyimiz bilgiyə görə, rəsmi qərar sabah veriləcək. Bununla belə, klublara şifahi şəkildə Bakıda hazırlıq keçmələrinə şərait yaradılacağı deyilib. Şənbə və bazar günləri üçün qadağanın saxlanılması müzakirə olunur, qalan günlərdə isə Premyer Liqa təmsilçiləri hazırlaşmaq imkanı qazanacaq.