Ölkədə hələ futbol adına nəsə qalıbsa, bunun üçün bəzi fədakar insanların əməyi qeyd olunmalıdı. Rövnəq Abdullayev, Elxan Məmmədov və digər futbol məmurlarının 13 ildi məhv etməyə çalışdığı, böyük ölçüdə bacardığı təsərrüfat bu sahəni ayaqda saxlayan bir qrup insana borcludu.

İllər ərzində tarixin səhnəsindən silinmədən var olan, eyni zamanda müstəqilliyini qoruyan 2 klub var. Onlardan biri “Qarabağ”, digəri “Qəbələ”di. Bu klublar atılan onlarca tilovdan yayınmağa nail olub, müstəqilliyini qoruyub, boyun əyməyib. Ən maraqlısı isə odur ki, avrokuboklarda qrup mərhələsində ardıcıl çıxış etmək taleyini də ancaq bu klublar yaşayıb. Düzgün strategiyanın, səriştəli idarəçiliyin, haqq-ədalətin, düzgünlüyün sayəsində…

“Qarabağ”ın ölkə futbolunda yeri başqadı. Milli komandaların biabırçı çıxışını AFFA həmişə öz işinin nəticəsiymiş kimi bu klubun uğurları ilə ört-basdır edib, sığortalayıb. Çempionlar Liqasının qrupuna yüksəlməyi, qrup mərhələsinin daimi iştirakçısı olmağı postsovet məkanında büdcəsi yüzmilyonlarla ölçülən tək-tük klub bacarıb. Böyük futbol ölkələrində də ardıcıl qruplarda oynamaq uğurunun sahibi çox azdı. Amma Abdulbari Gözəlin yönətimindəki ağdamlılar məhz peşəkarlıq, daxili birlik, inam sayəsində gələcəkdə yuxu kimi görünəcək işin öhdəsindən gəliblər.

Son illərin dəyişməz çempionu kimi “Qəbələ” də önəmli işlər görüb. Bölgə təmsilçisinin uğur salnaməsinin fərqli istiqamətləri var. Əvvəla, Avropa Liqasında əla çıxış, ardıcıl qruplara qatılmaq xatirəsi mövcuddu. İkincisi, bu klub son illər akademiyasının sayəsində ölkənin lider futbolçu fabrikidi. Əksər klublarımızda “Qəbələ” yetirmələri oynayır, milli komandaların özəyini burada yetişənlər təşkil edir. Üçüncüsü və ən vacibi isə infrastrukturla bağlıdı. İndiyədək ancaq RLS ilə xatırladığımız Qəbələ hazırda ölkənin bir nömrəli turistik məkanıdı. Kəmaləddin Heydərovun sayəsində dilbər guşəyə çevrilən rayon xüsusilə futbolda böyük uğurlara imza atıb.

Qəbələ faktiki qeyri-futbol rayonu olub. Amma məhz klubun indiki sahiblərinin sayəsində elə işlər görülüb ki, Tovuz, Gəncə, Mingəçevir yaddan çıxıb, Premyer Liqada yeganə bölgə təmsilçisi kimi bu şəhərin komandası oynayır. Sıradan bir komandaya Heydərovlar elə şərait yaradıb ki, indi bütün futbol təsərrüfatımız bu imkanlardan istifadə edir.

Pandemiya üzündən ölkədə həyatın dayandığı, klubların əksərinin təmsil etdiyi Bakıda hər şeyin qadağan olduğu bir zamanda məhz Qəbələ futbolun yaşaması üçün süni nəfəs cihazı rolunu oynadı. Məcburiyyətin diqtə etdiyi şərtlərlə zaman göstərdi ki, bu şəhərdə bütün futbol klublarını qoynuna ala biləcək infrastruktur mövcuddu. Bütün Premyer Liqa təmsilçiləri Qəbələyə yığışdı, kiçik narazılığa əsas görmədən hazırlıq keçdi.

SOCAR-ın büdcəsini talayan AFFA rəhbərliyinin 13 ildə görə bilmədiyi işi Heydərov təkbaşına bacarıb. Vaxtilə aldığı zərbələrə tab gətirməsəydi, yolundan dönsəydi və futbola büdcəni talamaq vasitəsi kimi baxıb klub quruculuğuna diqqət yetirməsəydi, indi klublarımızı hansı durumda olacağını özünüz təsəvvür edin.

Kəmaləddin bəy də məmurdu və fəaliyyəti zaman-zaman tənqidlərlə müşahidə olunub. Qoluzorluluqdan monopoliya həvəslərinə kimi bir sıra qüsurları var. Lakin bütün bunlara fon çəkən məhz belə işləridi. Ona bağlı bütün firmaların, şirkətlərin işçiləri yaxşı təmin olunub, ölkə iqtisadiyyatının xarici asılılıqdan qurtulması üçün işlər görülür, daxili istehsalatda ciddi uğurlar var. Gəlir güdülməyən futbola qoyulan investisiya isə ümummilli maraqlarda özünü göstərir, mükafatını yuxarıda qeyd etdiyimiz formada alır.

10 ildən çoxdu Heydərovların yatırımları ilə ayaq üstə duran “Qəbələ” son vaxtlar zəiflyib. Məlum iqtisadi çətinliklər klubun büdcəsinə də təsir edib. Amma klub rəhbərliyi maliyyə azalmalarını əsas komanda üzərindən aparır, Azərbaycan futbolunun gələcəyi naminə akademiyaya, infrastruktura ayrılan xərclər dayandırılmır. “Qəbələ”nin bu durumunda AFFA bu il kluba yardım ayırmağa məcbur oldu. Əksər ölkə klublarına pul paylandı və “qırmızı qaralar” da 1,5 milyonluq paya sahib oldu. Bu birdəfəlik yardıma futbol qurumu məcbur oldu. Çünki “Qəbələ”nin yoxluğu ilə Premyer Liqada bölgə təmsilçisi qalmayacaq, ümumiyyətlə, yarışda komanda sayı düzəlməyəcəkdi. Üstəlik, gələcək nəsillərin yetişdirilməsində əsas fabrik olan Qəbələ akademiyasının işinə böyük zərbə dəyəcəkdi. Yəni, AFFA məcburiyyətdən bu addımı atdı.

İş ondadı ki, illərdi klublara böyük büdcə ayıran, ölkə futboluna qumar mərəzindən başqa heç nə qazandırmayan divizion təmsilçilərinə pul paylayan, xərciylə nəticəsi düz mütənasib olmayan “seçilmiş” elita klublarına yardım edən AFFA növbə “Qəbələ”yə çatanda bunu ictimailəşdirdi, özünü reklam etməyə çalışdı. Rövnəq Abdullayevin saatsaz oğlunun şəxsi klubu olan “Səbail” üçün ayrılan milyonlar üstüörtülü ayrıldığı halda, “qırmızı qaralar”a 13 il ərzində bir dəfə verilən 1,5 milyon maat üçün İcraiyyə Komitəsinin iclası çağırıldı. Minnət qoymaqla, gözə soxmaqla Heydərovun klubuna pul ayrıldı.

AFFA-nın həm “Qəbələ”yə, həm də “Qarabağ”a münasibəti çoxdan bəllidi. İllərdi ölkə futbolunun lideri olan, bütün layihələri ilə örnək olmağı bacaran klubların idarəçilikdə heç bir nümayəndəsi yoxdu. Hətta autsayder klubların dolayısı ilə hansısa rəsmisi İcraiyyə Komitəsində yer aldığı halda bu cütlük həmişə (məşqçi (!) Qurban Qurbanovun İK-da təmsil olunmasının səbəbi başqa idi və o da futbolu düşünməyən insanların arasından qaçmağı lazım bildi – red.) kənarda saxlanılıb. Əvəzində evdən işləməklə tanınan sabiq xarici işlər naziri Elmar Məmmədyarov, şahmatda at oynadan Mahir Məmmədov, SOCAR-a və ya hansısa nazirliklərə bağlı olan qeyri-futbol adamları İK-nı işğal edib, Rövnəq Abdullayevin, Elxan Məmmədovun mənasız strategiyasına sığal çəkməklə məşğuldular. Hansı ki, bu strategiya milli komandaların uğursuzluqları, futbolçu ehtiyatının tükənməsi, komanda sayının minimum həddə düşməsi ilə nəticələnib. Səriştəli, qabiliyyətli insanları görməzdən gəlib, sözəbaxanları bu quruma doldurmaqla ölkə futbolunun bünövrəsini qazıblar.

İndi rəhbərlik etdiyi SOCAR-ın fəaliyyəti ölkə başçısı tərəfindən də tənqid edilən Rövnəq Abdullayevin Kəmaləddin Heydərova bir təşəkkür borcu var. Ölkədə futbol hələ də varsa, gələcək nəsil yetişirsə, məşq etməyə meydança tapırıqsa, bunda AFFA-nın heç bir rolu görünmür.

FƏRİD

Shares: