“Mölde” cığallıq edir. Norveç çempionu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunu üçün Bakıya gəlmək istəmir. Püşkün “Qarabağ”a rəqib etdiyi skandinaviyalılar problem yaratmaq, gərginliyə səbəb olub, istəklərinə çatmaq üçün UEFA-nı da oyuna qoşmaq niyyəti güdürlər.

Dünən püşkün nəticələri bəlli olduqdan sonra “Mölde” Ağdam klubuna rəsmi müraciət ünvanlayıb. Norveçlilər oyunun Bakıda deyil, neytral meydanda keçirilməsini xahiş edib. Amma bu müraciətə mənfi cavab verilib.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun dediyinə görə, “Qarabağ” müraciətə cavab olaraq matçın Azərbaycanda keçirilməsi üçün heç bir problem olmadığını bildirib: “Püşkatmadan sonra klubun elektron poçt ünvanına məktub gəldi. Həmin məktubda göstərilirdi ki, mövcud qaydalara əsasən, Skandiviya və bir sıra digər ölkələrdə matçlardan sonra komanda 10-14 gün karantində qalmalıdır. Və ya əgər biz Norveçə gedəriksə, bu halda biz də bu qədər müddət karantinə alınmalıyıq. Yəni indiki halda onlar özlərindən qaynaqlanan problem səbəbindən matçın Norveçdə deyil, neytral ölkə olan Macarıstanda keçirilməsini təklif edir. Amma avrokuboklar mövsümü başlamazdan əvvəl UEFA və klublar tərəfindən qəbul edilən öhdəliklər var. Biz də onlara bunun xüsusi hal olduğunu bildirdik. Eyni zamanda oyunun Bakıda keçirilməsində hər hansı bir problem olmadığını, bunadək həm Makedoniya, həm də Moldovadan rəqib komandaları qəbul etdiyimizi bildirdik. Yəni, onların heç bir problemsiz öz ölkələrinə qayıda biləcəyini vurğuladıq”.

Norveç tərəfini bu haqlı cavab qane etməyib. Onlar israrla neytral meydan tələb edirlər və artıq UEFA-nı da işə qoşurlar: “Norveç təmsilçisinin bizdən bir istəyi var. Dedilər ki, gəlin, Macarıstanda oynayaq. Çünki ora neytral bölgədir. Norveçə daxil olmaq problemdir. Amma “Qarabağ” ora getsə, 10 gün əvvəlcədən karantində qalmalı olacaq. Bu isə absurd bir şeydir. Neytral meydanda oynamaq təklifi də anormaldır. Çünki komandanın xərclərini qarşılamaq kimi məsələlər var. Amma biz həm onlara, həm də UEFA-ya qarşılaşmanın Bakıda baş tutması üçün hər hansı bir problemin olmadığını bildirdik”.

Maraqlıdı, püşk Norveç klubunu meydan sahibi etsəydi, necə olacaqdı? “Mölde” o zaman “Qarabağ”ı neytral meydana çağıracaqdımı və ya bizimkilərin problemsiz səfərə çıxmasını təmin edəcəkdimi? Norveçdə karantinlə bağlı fərqli qaydalar varsa, bu, onların problemidi. Sağlamlıq hamı üçün əsas olan məsələdi, istisna hal kimi rəqiblərin və ya özlərinin karantinsiz gediş-gəlişinə inkan yarada bilmirlərsə, avrokuboklardan imtina etsinlər. “Qarabağ”ı əlavə xərcə salıb başqa bir ölkəyə aparmaq üçün hay-küy yaratmaq yersizdi. Bu, “Mölde”nin problemidi, başqasını əziyyətə salmadan çarəsini tapmalıdı. Müraciətlə “Qarabağ”ın, UEFA-nın yox, öz hökumətlərinin qapısını döyməli, güzəşt istəməlidilər.

“Mölde” indidən növbəti mərhələni də düşünməlidi. Pley-offlar ev – səfər prinsipi ilə keçiriləcək. Bəs, o zaman nə olacaq? Norveçlilər rəqiblərini şəhər-şəhər gəzdirəcəkmi? Hələ qrupa düşəcəkləri halda məsələ daha da böyüyəcək. Bu ölkəyə getməli olan komandalar eyni problemlə üz-üzə qalacaq. Ona görə də UEFA “Mölde” probleminə birdəfəlik son qoymalıdı: ya klub öz dövlətindən güşəşt almalı, ya da yarışdan çəkilməlidi.

İndiki halda, “Qarabağ”ın rəqibini qəbul etməklə bağlı hər hansı problem yoxdu. Oyun o zaman neytral ölkəyə salına bilər ki, ev sahibi rəqibi qəbul etməsin. Amma hazırda ölkəmizdə pandemiya ilə bağlı durum sabitdi, əksər Avropa ölkələri ilə müqayisədə çox yaxşıdı. Çarter reyslərinin qəbulu, qonaqların yerləşdirilməsi və s. problemlər də yoxdu. Deməli, “Mölde”nin özündən qaynaqlanan problemə görə “Qarabağ” əziyyət çəkməməlidi. UEFA bu klub üçün istisna qərarı qəbul etsə, o zaman eyni fikrə düşənlərin sayı çoxalacaq və yarış idarəolunmaz duruma düşəcək.

Bu məsələdə ölkə rəhbərliyi də iradəsini ortaya qoymalıdı. UEFA norveçlilərin tələbi ilə “Qarabağ”ı neytral ölkəyə aparmağa nail olsa, bu, Azərbaycanın imicinə mənfi təsir göstərəcək. Pandemiya nəzarətdə ikən, həyat normal axara qayıtdığı bir zamanda kiminsə Bakıya gəlməməsi Azərbaycan haqda düşüncələri dəyişə bilər. Elə bu səbəbdən işlər cığırından çıxmamış dövlət də “Qarabağ”ın yanında olmalı, haqlı durumunda onu tək qoymamalıdı. “Qarabağ”ın hansı adı daşıdığını, indiki situasiyada əleyhinə qərar çıxarılmasının riskləri də hesablanmalıdı.

Hər hansı qeyri-qanuni yola atmaq lazım deyil. Sadəcə, elə bu mövsüm ölkəmizə gələn Moldova, Şimali Makedoniya, Albaniya klublarının problemsiz səfərləri, millimizin 4 gün sonra Lüksemburq yığmasını qonaq etməsi nümunə göstərilməlidi. Sentyabrın 16-a kimi vəziyyətin daha da yaxşılaşması gözlənilir – çünki koronavirusa yoluxmada statistika ürəkaçan qrafiklə davam edir.

Problem Norveçin, “Mölde”nindi. Avrokubokların başqa cütlərində eyni hoqqanı çıxaran kimsə yoxdu və hansısa yerdəyişmə halına rast gəlinməyib. UEFA bütün hallarda klubların aralarında razılaşmasını gözləyir, çıxılmaz vəziyyət olanda özü işə qarışır, qərar verir. Qərarın əleyhimizə olmaması üçün lazım olan bütün addımlar atılmalıdı. Bu məqamda proses klub səviyyəsini aşır, AFFA-nın, dövlətin müdaxiləsinə ehtiyac duyulur. Və bizim başqasının xoşbəxtliyi üçün özümüzü riskə atmağımız düzgün olmaz.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp