Müsahibim – bir futbol klubu idarəçisi üçün lazım olandan xeyli zəngin bazaya malik, maraqlı biridir. Könül istər ki, belə müsahiblə məhdud mövzudan deyil, hərtərəfli müsahibələşəsən.

Maqsud Adıgözəlovla dünəndən, bu gündən və əlbəttə ki, bunların fonunda “Sabah”dan söhbətləşdik.

“DÖVLƏT İMKAN YARATDI Kİ, FUTBOL YAŞASIN”

  • Geridə qalan il barədə təəssüratlarınızla başlayaq…
  • Futbol üçün ən çətin il idi. Pandemiya ilə bağlı problemlər yaşadıq. Hər həftə bir neçə futbolçumuz xəstələnirdi. Elə məqamlar olub ki, cəmi 12 nəfər məşqdə iştirak edib. Əvəzedici komandadan da heç kimi götürə bilmirdik. Yığmalara bir neçə oyunçumuz dəvət alırdı. 6 nəfər əsas milliyə, 4 nəfər U-21, 7 nəfər U-19-a çağırılırdı. Zədəlilərimiz olurdu. Buna görə də heyətlə bağlı çox ciddi problemlər yaşayırdıq. Əlbəttə ki, bunları bəhanə kimi demirəm. Sadəcə, belə məqamlar ağır təsir edirdi. Məsələ bundadır ki, əsas heyət kimi düşündüyümüz futbolçularla bir oyun belə keçirə bilmədik.
  • Yəni “Sabah” mövsümə ad-sanlı transferlərlə başlasa da, əlində olan futbolçulardan tam yararlanmaq müxtəlif səbəblərdən qismət olmadı…
  • Bəli. Problemlərdən biri bu oldu. Baş məşqçinin strategiyası tam başqa idi. O istəyirdi ki, aqressiv oynayaq, yüksək pressinq tətbiq edək və s. Ancaq məsələn, Bəhlul Mustafazadə bu strategiya üçün vacib fiqur idi, lakin ondan yararlana bilmirdik. Təkcə Bəhlulun olmaması istənilən oyun üslubunun tətbiqinə əhəmiyyətli dərəcədə təsir edirdi. Belədə, baş məşqçi məcbur oldu ki, strategiyanı dəyişsin və komandanı özünə xas olmayan fəlsəfə ilə oynatsın. Bundan sonra nəticələr qismən düzəlməyə başladı. Sonuncu yer bizim üçün qəbuledilməzdir. Ancaq Azərbaycan çempionatında belədir ki, yanvardan sonra hər şey dəyişə bilər – son sıradan liderliyə də yüksələ bilərsən. 4-cü yerlə cəmi 3, 3-cü pillə ilə 7 xal fərqimiz var və həmin komandaların hərəsi ilə iki oyunumuz qalır. Hər şey əlimizdədir. Yanvarda artıq futbolçularda xəstəliklə bağlı qorxu da olmayacaq. Çünki 80-90 faiz oyunçumuz artıq yoluxdu. İnanıram ki, ikinci dəfə xəstələnməyəcəklər. Bundan başqa, vaksinasiya başlayır. Bu amillər qarşıdakı zamançün daha pozitiv əhvalda olmamıza səbəb yaradır. Dövlət imkan verdi ki, futbol yaşasın. Sağ olsunlar, çempionatı dayandırmadılar. Ötən mövsüm yarımçıq qaldı və bu, özünü yığmanın nəticələrində də büruzə verdi.

“QOMEZLƏ HANSISA OYUNÇULAR ARASINDA RABİTƏSİZLİKDƏN SÖHBƏT GEDƏ BİLMƏZ”

  • “Sabah” ilk zamanlar yeni klub kimi baza niyyətləri, gənc oyunçularla bağlı fəaliyyəti ilə diqqət çəkirdi. Ardınca ölkə səviyyəsində yaxşı futbolçular, milli üzvü adlanan oyunçuların cəlb edilməsi bu diqqəti bir qədər də artırdı. Artıq siz nəticələrin istənilən kimi olmaması ilə bağlı bəzi səbəbləri sadaladız. Bəs komandanın gözlənilən yerdə qərarlaşmamasına ən çox nə təsir edir?
  • Mənə elə gəlir ki, baş məşqçi ilə komanda arasında lazım olan kimyanın yaranması üçün zamana ehtiyac var. Yayda Qəbələ toplanışındakı yoxlama oyunlarında nəticələrimiz bir qədər aldadıcı oldu. Orda bütün matçları iki fərqli heyətlə oynayırdıq və belədə komanda tələb olunan yüksək tempi saxlaya bilirdi. Çempionatda isə 90 dəqiqəni iki fərqli heyətlə oynamırsan… 7 ay futbol oynamayan, yalnız 20 gün hazırlıq keçən futbolçular üçün çempionatda sabit qrafik göstərmək qarantiyalı deyil. Baş məşqçi ilə komanda arasında bağın yaranması üçün bir qədər də vaxt lazımdı. Mənə elə gəlir ki, biz düz yoldayıq və getdikcə bunu görürük.
  • Mövzu açılmışkən.. kuluarlarda söhbətlər dolaşır ki, bəzi futbolçular baş məşqçinin komandadan istədiklərinə biganə yanaşırlar…
  • Bu fikri qəbul edə bilmərəm. Daxili ab-havanın hər detalını müşahidə etdiyimçün bunu rahat deyə bilərəm. Visente Qomezlə hansısa oyunçular arasında rabitəsizlikdən söhbət belə gedə bilməz. Bir qədər əvvəl də qeyd etdiyim kimi, sadəcə, kimyanın istənilən səviyyədə olması üçün vaxt lazımdır. Qomez hamıya göstərib və hiss etdirib ki, burda hansısa oyunçunun nüfuzu ona əlavə bonuslar, xüsusi üstünlük qazandırmır, hər futbolçu oyunqabağı məşqdəki performansına əsasən əsas heyətə düşür. Onun üçün məşq prosesində yanaşma çox vacibdi. Əgər hansısa oyunçudan istədiyini ala bilirsə, həmin futbolçu hazırdısa, meydanda olacaq. Əks halda, kimliyindən asılı olmayaraq, ehtiyatda qalır.
  • Pandemiyanın futbol təsirləri barədə danışdıq. Bəs iqtisadi cəhətdən “Sabah”a hansısa təsiri oldumu?
  • Hər klubun hər mövsümə görə əvvəldən müəyyənləşən büdcəsi olur. Çalışmalıyıq ki, o büdcə çərçivəsində hərəkət edək. Pandemiyanın klublara iqtisadi cəhətdən təsirlərindən geniş danışmaq çətindir, ancaq bəzi detalları sadalamaq olar. Məsələn, bizdə testlərlə bağlı xərclər çox oldu. Digər klublarda necə olduğunu bilmirəm, biz bu məsələyə çox həssas yanaşırdıq. Hər dəfə bütün ofis işçiləri də testdən keçirdi. Təkcə komandada 40 nəfərdi. Ondan başqa əvəzedici heyətdən tez-tez əsas komandaya gələn və geri qayıdan futbolçular olurdu. Onlar hər dəfə adicə məşqə gələndə testdən keçirdilər. Komanda ilə ünsiyyətdə olan ofis işçiləri də həftədə azı bir dəfə test verirdi. Özünü azacıq pis hiss edəni də test edirdik ki, risk almayaq. Bundan başqa hansısa əlavə xərcimizin olduğunu deməzdim.
  • “Sabah” gənc futbolçulara ən çox şans yaradan klublardandı. Bu, konkret strategiyadı, yoxsa baş məşqçiyə görə dəyişən vəziyyətdir?
  • Biz ilk gündən açıqlamışdıq ki, bu, klubun strategiyasıdır. Və dəvət etdiyimiz məşqçiləri araşdırarkən də bu detala üstünlük veririk. Bütün məşqçilərimizin əsas təcrübəsi gənclərlə olub. Jelko Sopiç Xorvatiyada, Qətərdə gənclərlə işləyib, Elşad Əhmədov bizdə baş məşqçi olanadək daim cavanlarla çalışmışdı. Visente Qomez Kiyev “Dinamo”sunun aşağı yaş komandaları ilə çalışırdı, Rusiyada da bu istiqamətdə fəaliyyət göstərib. Bu, bizim strategiyamızdır. Baş məşqçiləri də buna uyğun seçmişik. Əvəzedici komandaya da böyük diqqət yetiririk. Bizimçün həmin komandada rəqabət mühitinin olması lazımdır. Əsas heyətdə özünü doğrultmayan, əvəzedicilərə göndəriləndə ordan ən çox çalışanı götürmək – bu sistem işləyir. Məsələn, Veysəl Rzayevin əsas komandaya yüksəlməsi və s. Qomez mümkün olduqca I Divizion oyunlarını da izləyir. Məşq prosesləri fərqli olsa da, oyun dəsti-xətti arasında oxşarlıq çoxdur. Bu da vacib amildir. Tutalım, Veysəlin əsas heyətə dəvət alıb oyuna çıxanda özünü rahat hiss etməsi də buna görədir. İlk gündən dediyimiz kimi, bu, bizim strategiyamızdır və baş məşqçi də bunu dəstəkləyir. O, gənclərlə işləməyi xoşlayan mütəxəssisdir.

“YERİ SEÇMİŞİK VƏ SƏNƏDLƏŞMƏ İŞLƏRİ YEKUNLAŞMAQDADIR”

  • Azərbaycanda çox nadir hallarda yeni yaranan klublarda bazalaşma prosesi gedir. “Sabah”la bağlı belə məlumatlar var. İstərdim, geniş danışasınız…
  • Təəssüf ki, məlum vəziyyət səbəbindən hələlik geniş danışılacaq bir şey yoxdu. Ancaq pozitiv olan odur ki, artıq prosesi başlamışıq. Yer seçmişik və sənədləşmə işləri yekunlaşmaqdadır. Əsas odur ki, bazanın yeri artıq məlumdur. Əlbəttə, pandemiya və digər bəzi məsələlərlə bağlı bu istiqamətdə işin sürəti bir qədər aşağı düşüb. Ancaq baza tikintisi bizimçün vacib məqamdır. İnanıram ki, gələn mövsüm artıq işlərə başlayacağıq. Onda daha geniş danışmağa imkanım olacaq.
  • Növbəti mövsüm işlər başlasa, təxmini nə zamana yekunlaşması gözlənilir?
  • Qoy əvvəlcə lahiyə qrupu ilə işlərimizi yekunlaşdıraq, ondan sonra dəqiq biləcəyik ki, bizə nə qədər vaxt lazım olacaq. Məncə, azı iki il davam edər.
  • Yalnız iki mövsüm geridə qalıb və artıq “Sabah”la bağlı gözləntilər yüksəkdir. Nəticələri bir kənara qoyaq – bu haqda mümkün qədər danışdıq – Azərbaycan futbolu reallıqları çərçivəsində bu müddət ərzində düşündüyünüz klub modelini yaratmağa nə dərəcədə nail ola bilmisiniz?
  • Klubu formalaşdırmaqla bağlı bir neçə yanaşmamız var idi. Ən əsas meyar bu idi ki, yaxşı akademiya yaradaq və 1-2 ildən sonra əsas komandaya yüksələcək gənc oyunçularımız olsun. Görürük ki, bu istiqamətdə iş davam edir və nəticələr var. Əgər bu gün Veysəli oynada biliriksə, deməli, nəticə əldə edə bilmişik. Düzdü, o “Qəbələ”nin yetirməsidir, ancaq vaxtında komandaya gətirə bilmişdik. Skoutinq də böyük bir işdir. Dəvət etdiyimiz xorvat mütəxəssisin birbaşa işi yaxşı uşaqları tapmaqdır. Bu məsələ ilə bağlı işin bir tərəfi məhz skoutinqdir, digər tərəfdən, 4-5 ildən sonra artıq öz yetirmələrimizin əsas komandada oynamasını istəyirik. Mənə elə gəlir ki, bu istiqamətdə iş pis getmir. I Divizionda ən gənc komandalardan biri bizdədir. Əksər oyunçularımız 2001, 2002-ci il təvəllüdlüdür, hətta 2003-cü il də var. U-17, U-19 millilərinə çox sayda oyunçumuz dəvət alır. Bu, bizə deməyə əsas verir ki, yaxşı nəticələr var. Digər tərəfdən, marketinq məsələləri, klubun imicinin yüksəldilməsi ilə bağlı işlər görməyə çalışmışıq. Son bir ildə məlum səbəblərə görə istədiyimiz qədər olmadı. Ancaq onlayn mağaza layihəsini icra etdik. Dünən mənə məlumat gəldi ki, artıq ordan pul qazana bilirik. Demirəm ki, böyük məbləğlərdir, ancaq əsas məsələ prosesin başlamasıdır. Bundan başqa, mənə elə gəlir ki, strategiyamıza uyğun məşqçi tapmağı da bacarmışıq; təkcə nəticədə axsayırıq. Əsas bu günün nəticəsi yox, bu gün görülən işlərdir. “Sabah”ın keyfiyyətli oyunçuları var və bu gün onlarla birgə gənclər də meydana çıxır. Veysəl Rzayev, Ceyhun Nuriyev, Şajir Seyidov oynayır. 18 yaşı olan Rüstəm Samiqulinlə bağlı sənədləşmə problemləri var idi, artıq yoluna qoyulub və onu da heyətə sala biləcəyik.
  • Belə başa düşürəm ki, əsas hədəfiniz nəticədən çox prosesin düzgün getməsidir…
  • Bəli. Ancaq futbolçulara da, məşqçiyə də özünə əminlik üçün yaxşı nəticə əhəmiyyətlidir. Hamıya deyə bilərik ki, biz düz yoldayıq, inkişaf edirik. Bu iddianıza insanların inanması üçün nəticə əsas göstəricidir. Əminəm, bu da düzələcək.
  • “Sabah”la bağlı çox zaman müzakirə olunurdu ki, klub öz xarakterinə uyğun baş məşqçini tapacaqmı? Artıq tapdığınızı söylədiz. İstərdim bu barədə bir qədər geniş fikir bildirəsiniz…
  • Mənə elə gəlir ki, tapmışıq. Onunla daim ünsiyyətdəyik, iş prosesini görürük, məşqlərinə baxırıq. Düşünürəm ki, bunlar yüksək səviyyədədir. Gənclərlə işləməyi sevir və bu, bizə də xoşdur. Bir şeyi də etiraf etməliyik ki, Visente Qomezin gəlişindən sonra onun istəyilə cəmi bir futbolçu gətirə bilmişik. Vəziyyət elə oldu ki, Qomez gələnədək artıq heyətimiz formalaşmışdı, müqavilələr bağlanmışdı və birdən artıq futbolçu gətirə bilməyəcəkdik. O, bununla razılaşdı. Ona bu futbolçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Həm də həmişə bir yerdə işlədiyi köməkçisi gələ bilməyib. Səhhəti ilə bağlı problemi var və aylardır ki, yataq şəraitində müalicə olunur. Yanvarın ortalarında son nəticə məlum olmalıdır. Bildiyimizə görə, durumu yaxşıya doğru gedir. Düşünürük ki, yanvarın sonlarına Bakıya gəlməlidir. O da baş məşqçiyə böyük kömək olacaq.

“PORTUQALİYANIN BÖYÜK KLUBLARINDANDIR VƏ BU İŞDƏ BİZƏ KÖMƏK EDƏCƏK”

  • Fikirdə də, əməldə də görürük ki, gənc oyunçularla bağlı planlarınız böyükdür. Yaxın gələcəkdə “Sabah”da bir futbolçu bumu yaşansa, bəlli məsələdir ki, Azərbaycanda onlar üçün böyük meydan yoxdur. Artıq Zaqreb “Dinamo”su ilə əməkdaşlığınız var və başqa cəhdləriniz də olub. Həmin gənc futbolçularla bağlı gələcək “xəritəniz” hazırdırmı?
  • Artıq bəzi işlər görülüb. Adını açıqlamayım, bir Portuqaliya klubu ilə əlaqə qurmuşuq. Onlar bura qonaq gəlmək istəyirlər. Pandemiya ilə bağlı işlər bir qədər təxirə salınıb. Bura, regiona gəlməkdə maraqlıdılar. Portuqaliyanın böyük klublarındandır və bu işdə bizə kömək edəcək. Bizim məqsədimiz, strategiyamız budur ki, futbolçular “Sabah”dan çıxıb Avropada oynasınlar. Bu günə qədər 1-2 təklif də olub. Ancaq elə təkliflər deyildi ki, biz fikirləşdiyimiz qədər futbolçuya faydalı olsun. Futbolçuuzun hərtərəfli inkişafı bizim üçün çox vacibdir. Ona görə də akademiyanın komandalarını süni örtüklü meydançalardan çıxarıb Olimpiya Stadionunun təbii meydançalarına aparmışıq. Gənc oyunçularımızın qalma şəraiti idealdır. İnanın mənə ki, özüm də orda məmnuniyyətlə qalardım.
  • Yeri gəlmişkən, Bəhlulun ölkə hüdudlarını aşacağı haqda çox xəbər çıxsa da…
  • Əsassız deyildi. Konkret Bəhlulu İngiltərə Çempionşip klublarından biri baxışa çağırmışdı. Ancaq pandemiya ilə bağlı problem yarandı. Sentyabrda olmuşdu bu təşəbbüs. O, iki həftə İngiltərədə karantində qalmalı idi. Ondan sonra 1 ay da baxışdan keçməliydi. Bu şərtlər Bəhlulçün riskli idi. Həm də yığmanın oyunları var idi… Belə məqamlar var. Biz onu göndərməyə hazır idik. Təklif QPR klubundan idi. Şərtləri həqiqətn riskli idi: 14 gün karantin, 1 ay məşq və sonra qərar verməliydilər.
  • Ramil Şeydayevin transferi imic tryuk kimi klubçün böyük addım idi. Bəs bu transferdən nəticələr baxımından istədiyinizi ala bildinizmi?
  • Şaydeyevlə Premyer Liqaya yüksəldiyimiz ilk mövsümdən danışırdıq. O, Moskva “Dinamo”sundan ayrılandan sonra klubsuz idi. Ramili ötən qış cəlb etdik və ilkin anlaşmamız mövsüm sonunadək idi. Biz digər peşəkar tələblərdən başqa, həm də Ramili qazanmaq istədik. Uzun müddət idi ki, müntəzəm oynamırdı və bu, karyerasına pis təsir edəcəkdi. Bir növ, Ramilçün meydan açdıq. O, əsl peşəkar və gözəl insandır. Bütün şərtlərimiz onun xeyrinə idi və buna layiqdir. Hətta özünə bildirmişdik ki, müqaviləmiz müddətində hansısa yaxşı klubdan təklif alsa, ona mane olmayacağıq. Mənfəət güdmürdük, futbolçunun inkişafını düşünürdük. Bu, yığma üçün də vacib idi. Ancaq yaydan sonra artıq biznes müqaviləyə çevrildi. Hesab edirik ki, nəticələrə çatmaq üçün Ramil bizə kömək edə biləcək. Düşünürəm ki, o, özünə qarşı çox tələbkardı, nəsə alınmayanda psixoloji məngənəyə düşür və bu, özünü meydanda da göstərir, rahat olmur, özünü pis hiss edir. Bu barədə söhbətimiz çox olub. Ramil də razılaşır və anlayır durumu. Ona inanıram. Bilirik ki, futbolçu keyfiyyəti və səviyyəsi çox yükəkdir. Ancaq o artıq perspektivli gənc futbolçu deyil, potensialını tam ortaya qoymalıdır. Mövqeyi elədir ki, yanaşma, xarakter kifayət deyil. Hücumçu qol vurmalıdır. İstəyirsən, bütün oyunu bir yerdə dayan, qaçma, hərəkət etmə, ancaq qol vur. Bu, hücumçu üçün əsas göstəricidir. Ramildə hər şey var. Yanaşma, peşəkarlıq, sadəcə hələlik nəticə zəifdir. Bəxtsizlik də var, ancaq əsas bu deyil. Üzərində işləməlidir ki, nəticə düzəlsin.

“İNANMALIYIQ… İNANMASAQ, BURDA NƏ İŞİMİZ?!”

  • Digər transferlər…
  • Amin Seydiyev özünü doğrultdu. Aleksey İsayevin səviyyəsini bilirdik. Desək ki, onu üzə çıxarmışıq, doğru olmaz. Sadəcə, zədəsi var idi, indi komandayla birgədir. Uğurlu transfer oldu. Slavik Alxasovla bağlı eyni sözləri deyə bilərik. Ən yaxşı formasına çatmasına hələ var, bundan qat-qat yaxşı ola bilər.
  • Koçukun gedişi gözlənilməz oldu…
  • O da peşəkar futbolçudur. Yaxşı klublarda oynayıb, Moldova millisində forma geyinir. Bəzən olduğun yerlə aranda “kimya” yaranmır. O, burda “Səbail”də gördüyümüz performansı göstərə bilmədi. Hörmətlə danışıb, anlaşıb, yolları ayırdıq.
  • Ümumi panoram belədi ki, “Sabah”ı seleksiyada uğursuz saymaq olmaz. Lakin…
  • Uğurlu transferlərdən danışırıq. Ancaq, təbii ki, uğursuz transferlər də olub. Adları açıqlamağı etik hesab etmirəm, ancaq var belələri. Biz təcrübə yığırıq ki, belə səhvlər daha az olsun, yaxud heç olmasın.
  • Mövsümün ikinci yarısı ilə bağlı intuisiyanız nə deyir?
  • İstəyərdik ki, yaxşı olsun. İnanırıq ki, yaxşı olacaq. İnanmalıyıq, inanmasaq, burda nə işimiz?!
  • Psixoloji olaraq minimuma hazırsınız?
  • Şəxsən hər şeyə hazıram. İdarəçi kimi riskləri nəzərə almalı və hazır olmalıyam. İndi olan nəticə tək bir nəfərin deyil, hamımızın səhvidir. Günahkar axtarmaq lazım deyil. Bu vəziyyəti dəyişmək üçün çalışmalıyıq. Bunu edirik və inanırıq ki, pozitiv nəticəni görəcəksiz.
  • Söhbətimizin əvvəlində bildirdiniz ki, pandemiyaya görə çemionatın yarımçıq dayandırlması ən əsas millinin nəticələrinə təsir etdi.
  • Bəli, keçən mövsüm futbol dayananda hamımız uduzduq. Başa düşürük ki, bir nəfərin qərarı deyildi, ümumi vəziyyət buna məcbur etdi. Əgər futbolun inkişafını istəyiriksə, futbol oynamalıyıq. Yoluxa sayı 100 nəfər olanda çempionat dayanmışdı, 4000 olanda isə davam edirdik… Əlbəttə, təcrübə əhəmiyyətlidir. Artıq bilirdik ki, pandemiya ilə necə mübarizə aparmaq lazımdır. 4000 yoluxma olanda dedik ki, biz futbol oynamalıyıq və bu, çox vacibdir. İdmandan uzaq insanlar bunun nə dərəcədə həssas məsələ olduğunu bilmir. Belələrinin fikrincə, çempionatda fasilənin yaranması problem deyil, hətta futbolçuların istirahət etdiyini – bunun yaxşı bir şey olduğunu düşünürlər. Halbuki nəinki bir neçə ayın, bir neçə günün də böyük təsiri olur. Futbolçunun hazırlığında kiçik qrafik axsaqlıq da pis təsirini mütləq göstərir. Və biz bunun nəticəsini millidə də gördük. Əlbəttə, yığmanın nəticələri bərbad olmadı, ancaq biz istədiyimiz də deyildi. Mənə elə gəlir ki, bu, birbaşa həmin fasilə ilə bağlı idi. (Futbolpress)
Shares: