“Bu vəziyyət virusla bağlı yaranıb. Yoluxmaya görə Bakıda qalmağımız daha yaxşıdır. Öz bazamızda məşq edirik”.
Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Voyislav Stankoviç klubun televiziyasına təlim-məşq toplanışı barədə danışarkən deyib.
Serb müdafiəçi komanda şəklində təcrid olunduqlarını bildirib: “Hazırda qaldığımız otel çox rahatdır. Yaxşı şəraiti var. Hazırlığımızı bu formada davam etdirəcəyik”.
34 yaşlı oyunçu 2 gün öncə Birinci Divizion təmsilçisi “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçının üstünlüklərindən də danışıb: “Əsas odur ki, oyunu hiss etdik. Bilirsiniz ki, bir az istahətimiz oldu. Hardasa 10 gün evimizdə dincəldik. Baş məşqçi bu matçda gənc futbolçuların durumunu izlədi, kimlərə şans verə biləcəyini müəyyənləşdirdi. Sevindiricidir ki, yoxlama görüşündə heç kim zədə almadı”.
Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində ikinci sınaq matçını yanvarın 14-də “Keşlə”yə qarşı keçirəcək.