Bu gündən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ZOOM Platforması üzərindən təkbətək müsahibə mərhələsini tamamlayan könüllülər AÇ-2020 Bakı Könüllülər komandasına qoşulacaq.
Qeyd edək ki, müsahibə mərhələsində iştirakla əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.
Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.