“Neftçi”nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan çempionatını daha öncə çıxış etdiyi Litva və Serbiya birincilikləri ilə müqayisə edib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycana gəlişindən də söz açan futbolçu, bunları söyləyib:

“Azərbaycan Premyer Liqasından təklif gələndə öz-özümə düşündüm ki, irəli bir addım atıram, bu yeni bir təcrübədir. Litva çempionatı ilə müqayisədə çox böyük fərq yoxdur. Azərbaycan çempionatında mənim forma geyindiyim “Neftçi” ilə yanaşı, “Qarabağ” və digər komandalar çempionluq uğrunda mübarizə aparır. Burada yaxşı komandalar, yaxşı oyunçular var”.

27 yaşlı futbolçu “ağ-qaralı” fanatlarla münasibətlərindən də söz açıb: “Mən getdiyim hər yerdə çox şanslı bir adamam, azarkeşlərin sevgisini və hörmətini qazana bilirəm. Bakıda da hörmətim var. Azarkeşləri sevirəm. Meydanda olanda hər şeyimi verirəm. Meydandan kənarda bəzən azarkeşlərlə görüşürəm. Onlarla vaxt keçirməyə çalışıram, zarafatlaşırıq, gülürük”.

“Neftçi” Avropa Liqasının cari mövsümündə Bakıda “Qalatasaray”la qarşılaşdı. 1:3 hesabıyla uduzduğumuz həmin oyunda bərabərlik qolunu vurdum. Yəqin ki, həmin oyunda təcrübəmizin az olması səbəbindən məğlub olduq. Amma futbolda belə nəticələr də olur”.

Mbodj “Neftçi”də komanda yoldaşı olan Voyislav Stankoviçdən də bəhs edib: “Mən onunla serb dilində danışıram, yaxşı bir dostdur. Əlbəttə, o, uzun müddət “Partizan”a oynayıb, mən isə bu klubun əzəli rəqibi “Srvena Zvezda”da. (gülür) Yaxşı bir oğlan, yaxşı bir karyeraya sahib olan təcrübəli oyunçudur. Mən ona çox hörmət edirəm. Bəzən “Srvena Zvezda” “Partizan”la oynayanda, xüsusən keçmiş komandam qalib gələndə onunla zarafat edirəm. Voyislav Premyer Liqanı yaxşı tanıyır, artıq 5-6 ildir Azərbaycanda oynayır”.

Yaddaqalan oyunlarından danışan Mamadu, “Neftçi”nin də heyətində belə matçlarının olduğunu bildirib: “Bakıda “Neftçi”nin heyətində ilk qolumu “Qarabağ”a qarşı keçirdiyim ilk oyunda vurdum. Həmişə ilk oyunumda qol vururdum. Litvada da belə olub, Serbiyada da. Azərbaycanda da debütüm uğurlu alındı. Bu mövsüm isə “Qalatasaray”la oyunda vurduğum qol çox xoşuma gəldi. Yəni bir neçə yaxşı xatirəm var”.

“Neftçi”nin müdafiəçisi gələcək hədəflərindən və ölkəsinin millisində oynamaq arzusundan da danışıb: “Bütün oyunçuların öz milli komandalarında oynamaq xəyalı var. Seneqalın gənclərdən ibarət komandalarında oynamışam. Əlbəttə, əsas millidə də oynamaq istəyirəm. Bunun gerçəkləşməsi üçün mütəmadi futbol oynamalıyam”.

Mamadu bir gün Qərbi Avropada, hətta İngiltərədə oynamaq ehtimalına da münasibət bildirib: “Niyə də yox? Hər şey mümkündür. Sadəcə, bunun üçün çox çalışmağa davam edəcəyəm. Gələcəkdə nə olacağını görəcəyik”.

Shares: